Keçən həftə Aİ Azərbaycanda "Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsinin icrasına başlayıb. Layihənin məqsədi sahibkarlıqla bağlı bacarıqların formalaşdırılması və sahibkarlıq ekosisteminin inkişafında vətəndaş cəmiyyətinin iştirakını artırmaqdır.
Aİ tərəfindən maliyyələşdirilən "Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsi həmçinin maraqlı tərəflər arasında əməkdaşlığı təşviq etmək, o cümlədən yerli sahibkarları, biznes sahəsində çalışan mütəxəssisləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini, bacarıqlarının artırılması, resursların hazırlanması və sahibkarlıq və maliyyə savadlılığının aşılanmasına cəlb etmək məqsədi daşıyır. Sözügedən layihə Bakı, Qəbələ, Qax, Gəncə, Xaçmaz, Masallı, Mingəçevir və Zaqatalada həyata keçiriləcək. Bu tədbir şəhər və rayonlarda yerləşən pilot peşə və orta məktəblərdə təhsil alan 3000 şagirdi və 150 müəllimi əhatə edəcək.
"Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsi dörd əsas mərhələdə və Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihəyə daxildir:
- "Gənclərin nailiyyəti" proqramlarına əsaslanan yüksək keyfiyyətli məzmunun, təlim resurslarının, sahibkarlıq və maliyyə savadlılığının əsaslarına dair vəsaitlərin hazırlanması;
- peşəkar bacarıqların artırılması və müəllimlər üçün təlimlərin keçirilməsi;
- pilot məktəblərin seçilməsi/sınaqların keçirilməsi (şagirdlər üçün təlimlər) və qiymətləndirmə;
- qabaqcıl təcrübələrin tətbiqi vasitəsilə sahibkarlığın və maliyyə savadlılığının tədris proqramlarına daxil edilməsi üçün siyasətə dair qısa məlumatların və tövsiyələrin hazırlanması.
Keçən həftə sözügedən layihənin təqdimat mərasimi keçirilib və tədbir iştirakçılarına layihənin başlaması, layihənin məqsədləri və maraqlı tərəflər ilə görülən fəaliyyətlər haqqında məlumat verilib, o cümlədən iştirakçılar maraqlı tərəflərin şəbəkəsinə qoşulmağa dəvət ediliblər. Tədbirdə layihənin tərəfdaşları, dövlət orqanlarının, vətəndaş cəmiyyətinin, səfirliklərin və biznes sektorunun nümayəndələri, eləcə də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas iştirak edib.
Nazir müavini çıxışında orta məktəblərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının aşılanmasının əhəmiyyətini vurğulayıb. Layihənin əsasını təşkil edən sahibkarlıq bacarıqlarının tədrisi nəticəsində şagirdlər innovativ və yaradıcı düşüncə tərzinə yiyələnir və onlarda "peşəkar kimi yetişmək məqsədi", o cümlədən həyat və biznes bacarıqları formalaşır. Bu baxımdan nazir müavini "Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsinin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olduğunu bildirib.
Öz növbəsində Səfir Kestutis Jankauskas bu layihənin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın prioritet istiqamətlərinə uyğun olduğunu, yəni iqtisadi diversifikasiyaya və iş yerlərinin yaradılmasına töhfə verən bacarıqların formalaşdırılması vasitəsilə təhsil sisteminin əmək bazarının ehtiyaclarına cavab verməsini təmin etdiyini söyləyib. Səfir həmçinin vətəndaş cəmiyyətinin ölkənin sosial-iqtisadi inkişafına və dövlət və özəl sektorların əməkdaşlığına verə biləcəyi töhfənin nümayiş etdirilməsi baxımından layihənin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində "Gənclər arasında sahibkarlıq və maliyyə savadlılığı" mövzusunda panel müzakirələr təşkil edilib və "Paşa Bank"-ın korporativ bankçılıq və biznesin inkişafı şöbəsinin direktoru Aynurə Piriyeva, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzinin baş direktoru İmran Bağırov və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin icraçı direktoru Sevinc Məmmədova təqdimatlarla çıxış edərək Azərbaycanda gənclər və KOM-ların inkişafı sahələrindəki təcrübələrini bölüşüblər.
"Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi, Gənclərin Nailiyyəti Estoniya (Junior Achievement Estonia), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra olunur. "Paşa Bank" layihənin maliyyə tərəfdaşlarından biridir.
Azərbaycan Mikromaliyyə Assosiasiyası, EU4Business təşəbbüsü çərçivəsində Aİ tərəfindən maliyyələşdirilən digər Azərbaycanın ucqar rayonlarında dayanıqlı mikrosahibkarlığın inkişafı layihəsini də həyata keçirir. Layihənin hədəfi beş ucqar rayonda (Gəncə şəhəri, Şəmkir, Quba, Bərdə və Zaqatala) fəaliyyət göstərən mikro və kiçik bizneslə məşğul olan sahibkarlar və onların ailələridir. Məqsəd isə onların bacarıqlarını artırmaq və başlanğıc sərmayə ilə təmin etmək, o cümlədən kişi və qadınlara ailə büdcəsini daha yaxşı idarə etməyə kömək etməklə şəxsi biznesə başlamağa və ya onu genişləndirməyə dəstək verməkdir.