Ticarətə Hazıram: Azərbaycanda məhsulların siyahıya alınmasına dair təlim

Azərbaycan
Ticarətə Hazıram: Azərbaycanda məhsulların siyahıya alınmasına dair təlim

Beynəlxalq Ticarət Mərkəzi (BTM) Avropa İttifaqı tərəfindən EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilən və bu yaxınlarda icra olunmağa başlayan "Ticarətə Hazıram" layihəsi çərçivəsində Azərbaycanda məhsulların siyahıya alınmasına dair ilk təlimini keçirib.

Layihənin məqsədi Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrində KOM-ların rəqabət qabiliyyətini artırmaq və onlara yeni bazarlara, ələlxüsus Avropa İttifaqı bazarlarına çıxmağa kömək etməkdir.

Adı çəkilən layihənin məqsədləri arasında beynəlxalq bazarlarda satışları artırmaq məqsədilə elektron ticarət kanallarından və mütərəqqi rəqəmsal texnologiyalardan istifadə etmək üçün KOM-ların bacarıqlarının artırılması da var. Bu sahədə yerli biznesə dəstək təşkilatları və xidmət təchizatçıları ilə əməkdaşlıq edən BTM rəqəmsal kanallar vasitəsilə beunəlxalq ticarəti asanlaşdırır.

Sözügedən təlim 3, 4, 7 və 8 may tarixlərində baş tutub. Təlimin ilk iki günü ərzində BTM müxtəlif təşkilatları (AzPromo, AzExport, İT inkişaf fondu və yerli konsaltinq şirkətləri) təmsil edən 7 təlimçi üçün elektron ticarətlə bağlı məzmunun rəqəmsallaşdırılmasına dair təlim keçmişdir.

Təlimçilərə yüksək keyfiyyətli məzmunun vacibliyi və məzmunun ödənişlər, marketinq və virtual bazarlara çıxış kimi elektron ticarətin digər sütunlarına, o cümlədən logistika və gömrük prosedurlarına nə dərəcədə təsir etdiyi haqqında məlumat verilib. Onlar həmçinin məhsulların dəqiq, tam və cəlbedici təsvirlərinin tərtib olunması, yüksək keyfiyyətli fotoşəkillərinin çəkilməsi, redaktə olunması, məhsulların unikal daxili anbar kodlarının (SKU) yaradılması və maşın tərəfindən oxuna bilən EAN13 ştrix-kodlarının yaradılması, HS kodlarının müəyyən edilməsi və beynəlxalq standartlara uyğun olaraq məhsulların etiketlərinin hazırlanması haqqında ətraflı məlumatlandırılıblar.

7-8 may tarixlərində keçirilən ardıcıl təlimlər zamanı təlimçilər ərzaq, içki, zərgərlik və dekorativ məmulatlar sahəsində çalışan 15 müxtəlif Azərbaycan şirkətinin 17 nümayəndəsinə təlim keçmək üçün lazımi biliklərə yiyələniblər. Son sessiyada sözügedən şirkətlərin nümayəndələri elektron ticarət sahəsində məzmunun əhəmiyyətini tam dərk edərək məhsulların dəqiq və cəlbedici təsvirlərini tərtib etməyi, yüksək keyfiyyətli fotoşəkillər çəkməyi və redaktə etməyi, HS kodlarını müəyyən etməyi, məhsulların bütün mövcud variantlarını göstərməyi və unikal kodlar, o cümlədən maşınla oxunan EAN13 ştrix-kodlarını yaratmağı öyrəniblər

Mayın 3-də BTM və GS1 Azərbaycan şirkətinin nümayəndələri görüşərək GS1-ə uyğun olan iqtisadi cəhətdən əlverişli ştrix kodların təmin olunması, GS1 Azərbaycan şirkətinin texniki potensialının artırılması (xüsusilə fakturalama sahəsində), qeydiyyatdan keçmiş şirkətlərin qorunması və yeni şirkətlərlə əməkdaşlıq sahəsində mümkün əməkdaşlığı müzakirə ediblər. GS1 Azərbaycan şirkətinin nümayəndələri satınalma və ştrix kodlardan istifadəyə dair potensial KOM-lara təlim keçməkdə maraqlı olduqlarını ifadə ediblər.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm