EU4Business təşəbbüsü çərçivəsində Avropa İttifaqının əhəmiyyətli maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti Azərbaycanın şimal-qərb rayonlarında yerli icmalara kiçik sahibkarlıq təsərrüfatları yaratmağa kömək edir.
Cəmi bir il bundan əvvəl imzalanan müştərək layihənin məqsədi Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları daxil olmaqla, Şəki-Zaqatala iqtisadi zonasının 6 rayonunda kənd təsərrüfatı ilə bağlı sahibkarlığın, hərtərəfli məşğulluğun və texnoloji innovasiyaların inkişafına töhfə verməkdir.
Adı çəkilən layihə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ABAD" dövlət orqanı ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir və Azərbaycanın kənd təsərrüfatı icmalarında yerli əhəmiyyətli bacarıqları artırmaq məqsədi daşıyır. Layihədə həmçinin layihənin meyarlarına uyğun olan ailələrə biznesin inkişafı və planlaşdırılması, brendin yaradılması və dizayn, maliyyə hesabatı və hüquqi yardım xidmətləri ilə əlaqədar köməklik etmək məqsədilə Balakəndə yerləşən "ABAD" regional mərkəzin fəaliyyətinə dəstək verilir.
Bu əməkdaşlığın qurulduğu gündən etibarən layihə çərçivəsində uğurlu biznes modellərinə çevrilmək potensialına malik 44 hədəf ailə müəyyən edilib. Layihənin həyata keçirildiyi ilk üç il ərzində ilkin olaraq cəmi 30 kiçik sahibkarlıq təsərrüfatının yaradılması nəzərdə tutulsa da, adı çəkilən mərhələnin ilk bir ili ərzində belə təsərrüfatların sayı 44-ə çatıb. "Heç kəsi yaddan çıxarmamaq" prinsipinə uyğun olaraq Aİ, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti cəmiyyətin ən həssas təbəqələrinin də bu təşəbbüsdən faydalanmasını təmin edir. Bunun nəticəsində Şəki-Zaqatala zonasından seçilən 44 ailədən 23-ü qadınlar tərəfindən idarə edilən müəssisələrə çevrilib. 12 ailə isə 25 il bundan əvvəl evlərini itirən məcburi köçkün icmasından seçilib. Bu günə qədər kiçik sahibkarlıq təsərrüfatlarına malik seçilmiş ailələrin, maliyyənin idarə edilməsi, biznesin inkişafı, beynəlxalq ticarət və kommersiya, kiçik və orta müəssisələrdə gender bərabərliyi, korporativ sosial məsuliyyət, logistika və qablaşdırma sahələrində bacarıqları hərtərəfli şəkildə artırılmış və onlara təlimlər keçirilmişdir.
İndiyə qədər 22 ailəyə tədarük və avadanlıqların alınmasında zəruri dəstək verilib və hazırda bu ailələr müvafiq fəaliyyət sahələrində istehsal və emala dair planlarını həyata keçirməyə hazırdırlar.
Sözügedən kiçik sahibkarlıq təsərrüfatları müxtəlif sahələrdə ixtisaslaşır. Buraya Balakəndə məskunlaşan məcburi köçkün icmasında Qarabağ sənətkarları tərəfindən yaradılan ənənəvi xalis xalça toxuma sənəti və ekoloji cəhətdən təmiz süddən hazırlanmış, hormonsuz dondurmaların davamlı istehsalı da daxildir. Son illərdə Balakən vitaminlərlə zəngin və ölkənin ən çox ixrac etdiyi məhsullardan biri olan xurma meyvəsinin vətəni kimi məşhurlaşmağa başlayıb. Ölkədə istehsal olunan meyvələrə artan bazar tələbatını nəzərə alaraq kiçik sahibkarlıq təsərrüfatlarının çoxu meyvə istehsalı və qurudulmuş xurma istehsalında ixtisaslaşmağı planlaşdırır. Digər ailələr isə toyuqçuluq və qırqovul yetişdirilməsi və istixanalarda göbələk becərilməsi sahələrində işlərini davam etdirirlər.
Azərbaycanın Şəki-Zaqatala iqtisadi zonasında icra edilən işlər regionda sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədi ilə həyata keçirilən "Balakəndə yerləşən "ABAD" regional mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasındakı kiçik ailə bizneslərinin inkişafına dəstək" adlı üç illik qrant layihəsinin bir hissəsidir. Layihədə həmçinin seçilmiş hədəf ailələrin bacarıqlarının formalaşdırılması və mikro müəssisələrin inkişafına yardım göstərmək məqsədilə "ABAD" dövlət orqanı ilə birgə fəaliyyət və onun potensialını artırmaq nəzərdə tutulub. Sözügedən layihə EU4Business təşəbbüsü çərçivəsində Aİ tərəfindən maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunur.