East Invest 2 Azərbaycanda kənd və ekoturizmin inkişafına yol açır

Azərbaycan
East Invest 2 Azərbaycanda kənd və ekoturizmin inkişafına yol açır

Azərbaycanın şimal-qərbində kənd turizmi ilə məşğul olan sahibkarlar İtaliyanın zəngin turizm sektoru ilə əməkdaşlığın bəhrəsini görür. Təxmini "kəndə qayıtmaq" kimi tərcümə olunan Ruralis Tornare Aİ-yə aid bir təşəbbüsdür və Azərbaycanda kənd və ekoturizmin inkişaf potensialının olduğunu hesab edir. Səmərəli rəqəmsal marketinq, rəqabətli qiymətlər, yerli məhsullar və balıqçılıq, kulinariya dərsləri, at və velosiped turları kimi xüsusi xidmətlər regiona daha çox xarici turistin cəlb edilməsinə yardım edən faktorlardan cəmi bir neçəsidir.

Bu "tvinninq" layihə Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi (AZYEN) və Milan Ticarət, Sənaye, Sənətkarlıq və Kənd Təsərrüfatı Palatası (FORMAPER) ilə birgə həyata keçirilir. Layihənin məqsədi bilik, nou-hau və ən yaxşı təcrübə mübadiləsi təmin etməkdir. Ümumilikdə, layihə AZYEN-in Biznesə Dəstək Təşkilatı kimi imkanlarını artırır və Aİ ilə Azərbaycan arasında əməkdaşlığı genişləndirir.

Bu yanaşma çərçivəsində və təlim kursları və tanışlıq səfərləri vasitəsilə İtaliya və Azərbaycan arasında yeni əlaqə və tərəfdaşlıqlar yaranır və Azərbaycanın səkkiz gənc sahibkarından ibarət qrupun İtaliyaya son səfəri buna bariz nümunədir.

Sahibkarlarla görüşdə Milan Ticarət Palatasının mütəxəssisləri onlara beynəlxalq tendensiyalar və İtaliyanın kənd turizmi, yerli inkişaf və dayanıqlı innovasiyalar sahəsində məsləhətlərini veriblər. Layihənin koordinatoru Xəyalə Məmmədova deyib: "Azərbaycanın turizm bazarı üçün mülkiyyət və münasiblik təmin etmək məqsədilə təlimə real vəziyyətlər əlavə edilmişdi."

Layihənin digər cəhəti, turizm menecerlərinin marketinq bacarıqlarının təkmilləşdirilməsi idi. "Rəqəmsal marketinqdən istifadə etməklə biznesini yeni səviyyəyə qaldırmaq və internetin, o cümlədən sosial medianın imkanlarından yararlanmaqla biznesini təşviq etmək üçün ucqar kəndlərdə çalışan sahibkarlar üçün layihəyə media konsaltinq şirkətinin nümayəndəsini cəlb etmişik" deyə, Xəyalə bildirib.

"Misal üçün, Azərbaycanın turizmi, xüsusilə də kənd turizmi haqqında internetdə çox az sayda ingiliscə reklam var. Bu səbəbdən layihədə iştirakçılara beynəlxalq auditoriyanı əhatə etmək üçün marketinqin bu yeni formasından yararlanmaqda kömək edilir. Layihədə iştirak edən müəssisələr bu dəstəkdən real fayda əldə ediblər" deyə, Xəyalə əlavə edib.

Uğurun ani şəkilləri

Bakıdan 450 km uzaqda yerləşən Zaqatala rayonunun ucqar hissəsindəki Hope Lake Guesthouse layihədə iştirak edən kənd turizminə aid müəssisələrdən biridir. Cəmi bir neçə il bundan əvvəl təsis edilməsinə baxmayaraq, ziyarətçilərə yerli yeməkləri hazırlamaq imkanı verən bu mehmanxana hazırda rayonun ən tanınmış yerlərindən hesab edilir.

Azərbaycanlı turizm operatorlarının diqqətini, kənd təsərrüfatı istehsalı elementləri daxil olmaqla, İtaliyanın xüsusi turizm növü - biznes turizmi cəlb etmişdir. "Azərbaycan üçün elə bir turizm növü aktual deyil, amma çox cəlbedicidir və biz bu növ turizmi yaratmağa çalışacağıq" deyə, tanışlıq səfərində iştirak edən, Hope Lake Guesthouse-un sahibi Elman Yüzbaşov bildirib.

İtaliyaya tanışlıq səfərindən sonra, internet marketinq və Facebook, booking.com kimi veb-saytları tətbiq etməklə Elman öz biznesində bir çox dəyişikliklər edib. "Səfərdən əvvəl bu saytlardan aktiv şəkildə istifadə etmirdim" deyə, Elman etiraf edib. Bu yeni rəqəmsal marketinq alətlərindən istifadə etməklə, Elman daha çox müştəri cəlb edə bilmişdir. "İndi bizimlə birbaşa ünsiyyət qurmaq imkanı əldə edən xarici turistlərin daha çox marağını görürük və keçən ildən bəri ziyarətçi sayımız 30% artmışdır!"

"Ekoturizm mənim üçün daha bir yaxşı ideya oldu və mən bu növ turizmi inkişaf etdirməyə başladım" deyə, Elman bildirib. "Avropalı qonaqlardan bizim kimyəvi qatqısız, sadə orqanik qidaların istehsalı təcrübəmizin olduqca məşhur olması fikrini eşitməyimə çox şadam. Çörəyin və ya pendirin hazırlanması prosesini izləmək, yemək bişirmək və gölümüzdə balıq tutmaq ənənəsi bizim mədəniyyətin bir hissəsidir və qonaqlar bu təcrübəni yaşamaqda maraqlıdırlar", deyə o, bildirib. O, ekotəsərrüfat və ucqar kəndlərə turlar təşkil etmək haqqında daha ətraflı öyrənmək üçün yaxın zamanlarda Avropaya yenidən səfər etmək imkanını səbrsizliklə gözləyir.

Layihədə iştirak edən daha bir turizm operatoru, Bakıdan 400 km aralı, Azərbaycanın şimal-qərb hissəsi, Böyük Qafqaz dağlarının cənub tərəfi, Şəki şəhərində yerləşən Ilgar’s Hostel adlı müəssisənin sahibi İlqar Əliyevdir. Əsrarəngiz təbiəti və dadlı yeməklərindən zövq almaq üçün hər il minlərlə xarici turist qəbul edən Şəki rayonu ənənəvi olaraq Azərbaycanın ən tanınmış turizm zonalarından biridir. Son iki ildə burada ailəvi mehmanxanaların və hostellərin sayı üç dəfə artmışdır.

Ilgar’s Hostel bir ailəyə mənsub məkandır və hər ay burada çoxlu sayda yerli və xarici turist qalır. İlqar tanışlıq səfəri zamanı İtaliyada gördüyünə bənzər köhnə kənd evlərinin qalacaq yer kimi istifadə olunması ənənəsini tətbiq etmək, o cümlədən at və velosiped turları təşkil etmək istəyir.

Digər iştirakçılar kimi, o, da hostelini təmsil etmək və turizm şirkətlərinin xidmətlərindən istifadə etmədən, müştərilərlə birbaşa əlaqələri qoruyub saxlamaq üçün booking.com, Facebook və YouTube-dan istifadə etməyi öyrənib. Lakin, İlqar deyir ki: "yalnız internet alətlərindən istifadə edilməməlidir, çünki yerli turistlər hərdən otaqların sifarişi ilə bağlı problemlə üzləşir və ya onun necə çalışdığını bilmirlər".

Amrah Travel şirkətinin meneceri Şəbnəm Qarayeva da layihədə iştirak edir. Amrah Travel turizm paketləri və çarpaz satış xidmətləri təklif edən və İtaliyanın turizm şirkətləri ilə birbaşa əməkdaşlıq edən startap şirkət kimi 2014-cü ildə yaradılıb. Avropalılar üçün Azərbaycan turistlərin aşağı büdcəli kənd turizminin üstünlüyündən istifadə edə biləcəyi ekzotik ölkədir.

Şəbnəm qeyd edib ki, "qiymətlərin münasib saxlanmasına ehtiyac nəzərə alınmalıdır. Bu səbəbdən, layihənin köməyilə cəlbedici qiymətə malik xüsusi bir tur paket üçün biznes plan üzərində işləyirik. Avropada tur paketlərin qiyməti adətən 80 avro civarında dəyişir və Azərbaycanı Avropalı qonaqlar üçün cəlbedici etmək məqsədilə bu qiymət standartına cavab verməyə çalışırıq".

Firavan gələcək üçün komponentlər

İndi beynəlxalq turistlərin Azərbaycana səfər etməsi asanlaşır, çünki xarici turistlər cəmi üç günə elektron viza ala bilərlər. Lakin, mehmanxanada otaq, bilet sifarişi və digər turizm xidmətləri ilə bağlı xidmətlərin təkmilləşdirilməsinə ehtiyac var.

Avropa və Gürcüstan turizm agentliklərinin Azərbaycanı regional tur paketlərinə daxil etməsi maraqlı yeniliklərdən biridir və "Qafqaza Səfər" adlı tur paketlər turistlərə regionu araşdırmaq imkanı verir.

AZYEN-nin nümayəndəsi Xəyalə Məmmədova layihənin və kənd turizm sənayesinin gələcəyi haqqında nikbindir: "İtalyan tərəfdaşlarımızla yeni ideyaların irəli çəkilməsinə davam edirik və əminik ki, işimiz Azərbaycanda kənd turizmini təkmilləşdirməyə davam edəcək, müəssisələrin fəaliyyəti genişlənəcək və daha çox xarici turist cəlb edəcək və nəticədə ucqar ərazilərdə ehtiyac duyulan inkişaf və məşğulluq yaranacaq."

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm