Bu gün Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə bərpa olunan enerji üzrə ilk hərracını keçirib. Hərracın nəticəsi Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) elan edilib.
Azərbaycanın Energetika Naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilən hərracda “Universal International Holding Limited” şirkəti hər kilovat-saat (kVt/saat) elektrik enerjisi üzrə 3,540 ABŞ senti olmaqla ən aşağı təklif verib. Adı çəkilən şirkət Azərbaycanın Qaradağ rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub.
Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə Regional rəhbəri Alkis Vryenios Drakinos bildirib: “Bu, AYİB-in Bakıda keçirilən COP29-da işini yekunlaşdırmaq üçün ən yaxşı bir işdir. Yaşıl enerjinin maliyyələşdirilməsində bir giqavat həddini aşaraq və hökumət orqanları ilə ardıcıl siyasətimizə uyğun olaraq, bu gün Azərbaycanda bərpa olunan enerji üzrə hərraclara dəstəyimiz həlledici uğura imza atıb”.
AYİB artıq illərdir maliyyələşdirmə, texniki dəstək və siyasət üzrə dialoq vasitəsilə Azərbaycanın dekarbonizasiya planlarını dəstəkləyir. Sözügedən bank rəqabətli tender üçün əlverişli çərçivənin həyata keçirilməsi daxil olmaqla Azərbaycana bir neçə islahat proqramı təklif edib.