Aİ tərəfindən maliyyələşdirilən EU4Digital proqramı çərçivəsində həyata keçirilən EU4Digital Akademiyası layihəsi vasitəsilə hazırlanan “Rəqəmsal marketinqin əsasları” adlı kurs artıq azərbaycan, erməni, rumın və ukrayna dillərinə tərcümə olunub.
Bu yeni kurs rəqəmsal texnologiyalar və rəqəmsal marketinqin əsas prinsiplərini öyrənmək istəyən qeyri-marketinq komandaları üçün hazırlanıb. Onlar bu kursda iştirak etməklə günümüzün rəqəmsal marketinq mənzərəsi ilə tanış ola biləcəklər.
Ödənişli olan bu kurs istifadəçilər üçün pulsuz təqdim edilib.
Rəqəmsal marketinqin əsasları kursu dünyada rəqəmsal marketinq sahəsində təlim təmin edən aparıcı Rəqəmsal Marketinq İnstitutu (DMI) tərəfindən hazırlanıb.
Sərbəst qrafikli kursu bitirmək üçün maksimum 6 saat tələb olunur. Bütün iştirakçılar kursu bitirdikdən sonra EU4Digital tərəfindən sertifikat alacaqlar.
EU4Digital Akademiyası hər bir Şərq Tərəfdaşlığı ölkəsinə uyğun təlim kursları təqdim etmək məqsədilə ən yaxşı təminatçılar və platformalarla əməkdaşlıq edir.