
Yanvarın 31-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası tərəfindən Azərbaycan üzrə yeni strategiya təsdiqlənib. Sənəddə bankın bu ölkədə növbəti beş ili əhatə edən investisiya və siyasət təşəbbüsləri müəyyən edilib.
AYİB bu strategiyada Azərbaycan üzrə iki əsas prioritet müəyyən edib:
- daha güclü, rəqabət qabiliyyətli və inklüziv özəl sektorun inkişafı və təkmilləşdirilmiş idarəçilik vasitəsilə iqtisadiyyatın şaxələndirilməsinin gücləndirilməsi;
- “yaşıl” iqtisadiyyata keçidin sürətləndirilməsi və regional əlaqələrin gücləndirilməsi.
İlk prioritet çərçivəsində AYİB Azərbaycanda özəl sektorun rəqabət qabiliyyətinin və inklüzivliyinin artırılması yolu ilə bu ölkənin karbohidrogen ixracından asılılığını azaltmağı nəzərdə tutur. Bu məqsədlə, sözügedən bank qeyri-neft sektorunda aqrobiznes, istehsal və xidmətlər, informasiya və kommunikasiya texnologiyaları və infrastruktur kimi sahələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinə investisiya və məsləhət dəstəyi göstərəcək.
Bundan əlavə, qadınların və gənclərin rəhbərlik etdiyi müəssisələrin hüquq və imkanlarının artırılması, innovasiyaların təşviqi və ixrac imkanlarının genişləndirilməsi də Bankın prioritetləri sırasındadır. Eyni zamanda, korporativ idarəetmənin təkmilləşdirilməsi, dövlət müəssisələrində islahatların aparılması və ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində dövlət qurumları ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
AYİB-in yeni strategiyasındakı ikinci prioritet çərçivəsində Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafının dəstəklənməsi planlaşdırılır. Bank günəş və külək enerjisi üzrə layihələrin işlənib hazırlanmasına, enerji səmərəliliyinin artırılmasına və iqlim dəyişikliklərinə dayanıqlılığın gücləndirilməsinə investisiya ayıracaq. Azərbaycanın enerji şəbəkəsinin müasirləşdirilməsi və bərpa olunan enerjinin ixracına imkan yaradılması bu səylərin əsas hissəsini təşkil edəcək.
AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. O, bu günə qədər adı çəkilən ölkədə bərpa olunan enerji, bağlantı və dayanıqlı infrastruktur daxil olmaqla müxtəlif sektorları əhatə edən 195 layihəyə 4 milyard avrodan çox sərmayə yatırıb.
Daha çox öyrən