Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda mikro, kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinin (MKOM-lar) inkişafını dəstəkləmək məqsədilə AccessBank-ı maliyyə paketi ilə təmin edəcək.
AYİB qeydiyyatdan keçmiş kreditor olaraq 9,24 milyon avroya qədər sindikatlaşdırılmış kredit təmin edəcək. Cənub Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) isə B kateqoriyalı kreditor qismində çıxış edəcək. Hər iki maliyyə institutu AccessBank-a yerli valyuta ekvivalentində təxminən 4,6 milyon avro dəyərində kredit təqdim edəcəklər.
Bu vəsaitlər sahibkarlığın inkişafı və rəqabət qabiliyyətliliyinin dəstəklənməsi məqsədilə yerli MKOM-ların maliyyələşdirilməsinə sərf olunacaq.
“AYİB-nin AccessBank ilə yenilənmiş əməkdaşlığı onun Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmaq məqsədi daşıyır. Bu prioritetlərə ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyatın dəstəklənməsi daxildir”, – AYİB-in mətbuat üçün açıqlamasında deyilir.
AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək məqsədilə bu günə qədər AYİB Azərbaycanda icra olunan 189 layihəyə 3,7 milyard avro məbləğində investisiya yatırıb.