Şərq Tərəfdaşlığı ölkələrindəki KOM-ları qlobal dəyər zəncirləri ilə əlaqələndirmək üçün Aİ və BTM komanda şəklində birləşir

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Şərq Tərəfdaşlığı ölkələrindəki KOM-ları qlobal dəyər zəncirləri ilə əlaqələndirmək üçün Aİ və BTM komanda şəklində birləşir

Şərq Tərəfdaşlığı: Ticarətə Hazıram - altı Şərq Tərəfdaşlığı ölkəsində kiçik və orta ölçülü müəssisələrin rəqabət qabiliyyətini artırmağa yönəlmiş bir EU4Business təşəbbüsüdür

Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindəki kiçik və orta müəssisələrin (KOM-lar) qlobal dəyər zəncirlərinə inteqrasiya etməsinə kömək etməyə yönəlmiş təşəbbüs layihəsi Avropa İttifaqı və Beynəlxalq Ticarət Mərkəzi (BTM) tərəfindən həyata keçirilməyə başlanmışdır.

"Şərq Tərəfdaşlığı: Ticarətə Hazıram – bir EU4Business Təşəbbüsü" üçillik layihədir və Aİ, BTM və altı Şərq Tərəfdaşlığı ölkəsi arasında yeni əməkdaşlığın başlanğıcını qeyd edir.

Fəaliyyət və yanaşmasını bütün ŞT ölkələrindəki inkişaf etməkdə olan iqtisadi şəraitə uyğunlaşdırmaq məqsədilə sözügedən layihə sentyabrın 1-də ilkin altı aylıq mərhələ ilə həyata keçirilməyə başlanmışdır.
Son onilliklərdə iqtisadiyyatı modernləşdirmə və qlobal bazara inteqrasiya etmə sahəsində ŞT ölkələri əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər. Buna baxmayaraq, kiçik və orta müəssisələr (KOM-lar) və investorlar üçün işgüzar mühiti yaxşılaşdırmaq məqsədilə ölkələr hələ də iqtisadi islahatları irəli aparmaqda çətinliklərlə üzləşir. Aİ ilə ticarət etmək üçün onlar həmçinin sona qədər istifadə edilməyən imkanlardan faydalanmalıdırlar.

Payına regiondakı bütün firmaların 83%-99%-i düşməklə ŞT ölkələri arasında iqtisadi transformasiya üçün KOM-ların həlledici rol oynadığı hesab edilir. İndiyədək KOM-ların ixracatının həcmi istehsal şirkətlərinin ümumi gəlirinin cəmi 8%-ni təqdim edir. Bu səbəbdən KOM-ların rəqabət qabiliyyətinin və beynəlmilləşdirilməsinin təkmilləşdirilməsi bütün ŞT ölkələri üçün prioritet əhəmiyyət kəsb edir.

Əsasən Aİ ilə sıx ticarət əlaqələri vasitəsilə KOM-ların inkişafı, yerli dəyərin əlavə olunması, o cümlədən ixrac və bazarın diversifikasiyasını nəzərdə tutan Ticarətə Hazıram layihəsi altı tərəfdaş ölkənin hökumətinin siyasət və strategiyasını dəstəkləyir. Layihə KOM-lara Aİ-nin bazar tələblərinə uyğun olaraq əlavə dəyərli məhsullar istehsal etməyə və qlobal bazar və dəyər zəncirlərinə giriş əldə etməyə kömək edəcək. Adı çəkilən layihə həmçinin KOM-lara ticarət və biznes fəaliyyətlərində kömək etmək məqsədilə yerli biznesə dəstək təşkilatlarının imkanlarını gücləndirəcək.

BTM-in Ölkə Proqramları üzrə Direktoru, Aşiş Şah bildirib: "Şərq Tərəfdaşlığı ölkələri və Aİ arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi regional inkişafın irəli çəkilməsi baxımından çox vacibdir və BTM bu səylərin bir hissəsi olmaqdan qürur duyur. Ticarətə Hazıram layihəsi çərçivəsində biz EU4Business təşəbbüsünün daha da genişlənməsinə təkan verəcək və hər şeydən öncə, Şərq Tərəfdaşlığı ölkələrindəki KOM-ların daha rəqabət qabiliyyətli məhsullar istehsal etməsi və onların Aİ-dəki alıcılarla əlaqələndirilməsini təmin edəcəyik."

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktoratında (DG NEAR) Şərq Qonşuluğunun Direktoru Laurens Meredit bildirib: "Ən mühüm prioritet kimi Aİ özünün Şərq Tərəfdaşlığı ölkələri ilə ticarətinə daha da dəstək verməyə can atır. İnvestisiya və biznes üçün cəlbedici mühit yaratmaq, o cümlədən DCFTA-lar kimi Aİ-nin ticarət imkanlarından faydalanmaq üçün müəssisələrin imkanlarını yaxşılaşdırmaq məqsədilə tərəfdaş ölkələrin iqtisadi keçid prosesini irəli aparmaqda çətinliklərlə üzləşdiyi bir vaxtda hələ də regiondakı bir çox KOM-lar az əlavə dəyərli sektorlara sıx birləşmiş vəziyyətdə olaraq qalır. Bu məzmunda Aİ-nin standart və tələblərinə uyğunluğu məhsul və ya xidmətləri təkmilləşdirmək və diversifikasiya etmək imkanına çevirməklə yanaşı, KOM-ların regional və beynəlxalq dəyər zəncirlərinə daha çox inteqrasiya olunması məqsədilə onlara dəstək vermək üçün daha çox iş görülməlidir. Beləliklə, Aİ-nin geniş EU4Business təşəbbüsünün bir hissəsi kimi 2020-ci il üzrə öhdəliklərimizin çatdırılmasında alət olacaq "Ticarətə Hazıram" layihəsinin həyata keçirilməsini salamlayıram."


BTM haqqında

BTM Ümumdünya Ticarət Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının birgə qurumudur. BTM inkişafda və keçid dövründə olan iqtisadiyyatların dünya bazarlarında daha rəqabət qabiliyyətli olması üçün kiçik və orta müəssisələrə dəstək verir və bununla da Ticarətə Yardım gündəliyi və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə Qlobal Məqsədlər çərçivəsində dayanıqlı iqtisadi inkişafa öz töhfəsini verir. Daha ətraflı məlumat üçün www.intracen.org səhifəsinə baş çəkin. BTM-ni Twitter-də izləyin: @ITCnews

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm