14 mart Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda yeni “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramının icrasına başlayıb. “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı 2024-cü ilə qədər davam edəcək və Şərq Tərəfdaşlığı (ŞT) regionunda dayanıqlı inkişafı hədəfləyəcək.
Yeni “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı pandemiya böhranı zamanı ŞT regionunda şəhərlərin üzləşdiyi və əvvəlcədən elan edilmiş problemləri həll etməyə çalışır. “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı yerli bələdiyyələr və icmalarla sıx əməkdaşlıq çərçivəsində tədris, mübadilə və strateji innovasiyalar vasitəsilə inkişaf üçün innovativ yanaşmaları araşdıracaq və bələdiyyələrin, böyük və kiçik şəhərlərin və kənd icmalarının imkanlarının genişlənsirilməsi üçün platforma rolunu oynayacaqdır.
“ “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərinə Yerli İqtisadi İnkişaf Planlarının hazırlanması prosesində dəstək veriləcək. Şəhərlərin inkişafı iqtisadiyyatın şaxələndirilməsi və inkluziv inkişaf, yüksək gəlirlər, yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, daha sağlam cəmiyyət və nəticədə, regionlarla paytaxt arasında fərqlərin azalması deməkdir. Şübhəsiz ki, bu Proqram Aİ ilə Azərbaycan Hökuməti və ən əsası şəhərlərin bələdiyyə sədrləri arasında “güclü tərəfdaşlıq” əlaqələrinin daha da güclənməsinə töhfə verəcəkdir”, – deyə Avropa Birliyinin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.
“Şəhərlər Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır. Son dövrlərdə pandemiya şəhərlərin həssaslığını, dayanıqlığa olan kəskin ehtiyacını ortaya qoymuşdur və ehtimal olunur ki, onların struktur aspektləri, məkan paylanması və şəhərlərin təşkili üzərində uzunmüddətli təsirə malik olacaq. Bu mürəkkəb çağırışlar yeni modellər, aydın məqsədlər və mürəkkəbliyi və davamlı araşdırma prosesini nəzərə alan düşüncə tərzi tələb edir. Bu gün biz strateji tərəfdaşımız olan Avropa İttifaqı ilə Azərbaycanın şəhər bələdiyyələrinə gələcək illərdə icmalarına fayda verəcək planların hazırlanması və həyata keçirilməsində dəstək olmaq üçün yeni layihə başladırıq,” deyə BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xojimatov qeyd edib.
“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsünün həm hazırkı, həm də gələcək üzvləri yerli ekosistemlər əsasında yüksək kontekstləşdirilmiş innovativ inkişaf strategiyalarının işlənib hazırlanmasına yönəlik təlim və bilik mübadiləsi fəaliyyətlərindən faydalanacaqlar. Aİ və BMTİP yeni nəsil yerli iqtisadi inkişaf planlarının işlənib hazırlanmasında, strateji düşüncənin təşviqində və şəhər dayanıqlığının yaradılmasında onlara dəstək verəcək. Yerli bələdiyyələr yeni fürsətlərə və maliyyələşmə imkanlarına çıxış əldə edə biləcəklər. Buraya maraqların ifadə olunması üçün illik portfolio elanı eləcə də innovativ təkliflərin qəbulu üçün illik elan da daxildir.
Qısa məlumat
“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı 2017-ci ildən etibarən Aİ tərəfindən həyata keçirilən və maliyyələşdirilən “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri”bir hissəsidir. Proqram 2021-ci ildən başlayaraq Aİ, yerli bələdiyyələr və bir sıra digər tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində BMTİP tərəfindən idarə olunur.