İqtisadi inkişaf vasitəsilə sabitliyin ixracı: ŞT tədbirlərində Aİ-nin biznes və məşğulluğa dəstəyi vurğulanıb

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
İqtisadi inkişaf vasitəsilə sabitliyin ixracı: ŞT tədbirlərində Aİ-nin biznes və məşğulluğa dəstəyi vurğulanıb

6 və 7 dekabr tarixlərində Vyanada baş tutan iki yüksək səviyyəli Şərq Tərəfdaşlığı (ŞT) tədbirində Avropa İttifaqı, Şərqi Tərəfdaş Ölkələrində iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına dəstək verilməsi ilə bağlı güclü mövqe nümayiş etdirib.

"Bizim məqsədimiz sabitlik, tərəqqi və nəticə etibarilə iqtisadiyyat, cəmiyyət, o cümlədən siyasət sahəsində dayanıqlıq ixrac etməkdir". Bu sözləri dekabrın 6-da keçirilən Şərq Tərəfdaşlığı Biznes Forumunda çıxış edən Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han bildirib və bunları əlavə edib: "Bir ölkənin iqtisadi cəhətdən güclənməsi nəticəsində iqtisadi rifahın yaxşılaşması ilə yanaşı, insanları və onların cəmiyyətlərini xarici təsirlərdən qorunduğu müşahidə olunur və öz ölkələrində yaxşı gələcəklərinin olması üçün vətəndaşları daha rəqabət qabiliyyətli və cəlbedici edir".

EU4Business Katibliyinin dəstəyilə təşkil olunan ŞT Biznes Forumundan bir gün sonra Şərq Tərəfdaşlığı İllik Konfransı keçirilib. Hər iki tədbir gələn il Şərq Tərəfdaşlığının 10-cu ildönümünü ərəfəsində Avstriyanın Aİ Şurasına Sədrliyi çərçivəsində baş tutub. Sözügedən tədbirlərdə Aİ və onun altı Şərq Tərəfdaşlığı Ölkələrindən yüksək vəzifəli nümayəndələr, hökumətləri təmsil edən maraqlı tərəflər, Aİ təşkilatları, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, Avropa Parlamentinin üzvləri, eləcə də analitik mərkəzlərin, vətəndaş cəmiyyətinin, biznes, gənclər təşkilatları və ali təhsil müəssisələrinin nümayəndələri daxil olmaqla, Aİ və Tərəfdaş Ölkələrdən təqribən 350 nümayəndə iştirak edib.

Dekabrın 7-də "Daha güclü cəmiyyətlər üçün daha güclü iqtisadiyyat - Dayanıqlı inkişaf üçün insanlara yatırım" mövzusunda keçirilən ŞT İllik Konfransındakı nitqi zamanı Yohannes Han iqtisadi inkişaf ilə əlaqədar dəstək ismarıcını bir daha səsləndirib.

"Şərq Tərəfdaşlığı Ölkələrimizin iqtisadi inkişafının gücləndirilməsi, sabit və firavan qonşuluğun təmin edilməsi istiqamətində göstərdiyimiz səylərin ana xəttini təşkil edir", - deyə o, bildirib və əlavə edib ki, "yeniliklərə və sürətlə dəyişən bazarlara uyğunlaşmaq qabiliyyətinə görə kiçik müəssisələr müasir iqtisadiyyatın qurulmasında mühüm rol oynayır. Bu səbəbdən yeni iş yerlərinin yaradılmasında həyati-vacib əhəmiyyətə malikdirlər".

ŞT Biznes Forumunda və forum çərçivəsində təşkil olunan iki ayrı panel müzakirəsində enerjinin səmərəliliyi və bərpa olunan enerji mənbələri kimi iki mühüm sektor, İT və rəqəmsal bazarlar kimi mövzular diqqət mərkəzində olub.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han məşğulluğun dayanıqlı olmasında enerjinin səmərəliliyinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki,"enerjinin səmərəliliyi həm də çoxlu sayda daimi, xüsusilə də yerli iş yerləri yaradan "mühərrikdir". O, Aİ-nin rəqəmsal bazarların uyğunlaşdırılması məqsədilə azı 50 milyon avro ayırmaq niyyətini təsdiq edib. Yohannes Han 7 milyon avro büdcəyə malik kibertəhlükəsizlik ilə əlaqədar proqramın davamı olan, o cümlədən mentorluq və başlanğıc maliyyələşmə vasitəsilə startaplara dəstək verəcək 11 milyon avro büdcəyə malik yeni EU4Digital adlı proqramın üzümüzə gələn həftələrdə imzalanacağı barəsində məlumat verib.

ŞT İllik Konfransının üç panel müzakirəsindən ikisi biznesin inkişafı və məşğulluq məsələlərinə həsr olunub və "İşgüzar mühitin hərtərəfli şəkildə yaxşılaşdırılması: hansı tərəflər və hansı tədbirlər cəmiyyətin gücləndirilməsinə ən yaxşı şəkildə töhfə verə bilər?" və "Peşə bacarıqlarının bazarın ehtiyaclarına uyğunlaşdırılması: insanların düzgün ixtisaslara yiyələnməsini necə təmin edə bilərik?" suallarını əhatə edib.

Adı çəkilən Biznes Forum B2B praktiki seminarla yekunlaşıb və seminar çərçivəsində ümumilikdə 285 B2B görüş keçirilərək KOM-lara investisiya və biznes ilə bağlı ideyalarını paylaşmaq və müzakirə etmək imkanı yaradıb.

Yohannes Han müəssisələri regiondakı investisiya imkanlarının yaratdığı üstünlüklərdən yararlanmağa çağırıb: "Bütün altı tərəfdaş ölkəmizdə bir çox yüksək ixtisaslı elm adamları (riyaziyyatçılar, texniklər, mühəndislər) var, halbuki Aİ ölkələrində 350 min məlumat və kommunikasiya texnologiyası sahəsində çalışan mütəxəssis çatışmazlığı müşahidə olunur. Digər tərəfdən, əksər vaxtlarda Şərq Tərəfdaşlığı ölkələrindəki startaplar ən mühüm bacarıqlara (marketinq və maliyyə təhlili) malik deyil və müştərilər və dəyər zənciri ilə zəif əlaqəlidirlər".

Tərəfdaşları əlaqələr yaratmağa, müzakirə və təcrübə mübadiləsinə başlamağa sövq edən Yohannes Han, Aİ və onun Şərq Tərəfdaşlığı Ölkələrini birləşdirən qarşılıqlı maraq və tamamlayıcı gücü vurğulayıb. O, zəruri əlaqələrin qurulması üzrə B2B görüşlərin "yeni əməkdaşlıqlar və yeni iş yerləri ilə nəticələnəcəyinə və dəyər yaradacağına" əmin olduğunu bildirib.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm