Azərbaycanda kənd qadınları, Aİ tərəfindən maliyyələşdirilən sahibkarlıq proqramı vasitəsilə bacarıqlarını gəlirə çevirirlər

Azərbaycan
Azərbaycanda kənd qadınları, Aİ tərəfindən maliyyələşdirilən sahibkarlıq proqramı vasitəsilə bacarıqlarını gəlirə çevirirlər

QUBA, Azərbaycan – “Bir neçə il əvvəl, evdən sifarişlər alır və onları müştərilərə çatdırırdım,” deyə qənnadçı Sahilə Əsədova əlavə edir: “Amma həmişə öz biznesimi qurmağı arzulayırdım.”

Sahilənin öz şirniyyat dükanını açmaq üçün istedadı və ambisiyası olsa da, lazım olan avadanlıq və təcrübəsi yox idi. Bu arzunu gerçəkləşdirmək üçün o, Azərbaycanda kənd qadınları üçün məşğulluq imkanlarını artırmağa yönəlmiş bir layihəyə qoşuldu. Layihə, “Aİ 4 Gender Bərabərliyi: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı birlikdə” proqramı çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən həyata keçirilmişdir.

Bir il ərzində 100-dən çox qadın, uğurlu sahibkar olmaq üçün biznes planlarının yazılması və öz brendlərinin yaradılması kimi bacarıqları öyrənmək üçün təlim fəaliyyətlərində iştirak etmişdir. Ailələrindəki kişilər də qadınların karyeralarına necə daha yaxşı dəstək ola biləcəklərini anlamaq üçün gender-həssaslığı üzrə təlimdə iştirak etmişdilər. Proqramın sonunda xüsusi qiymətləndirmə komitəsi bütün biznes planlarını nəzərdən keçirmiş və ən perspektivli namizədlərlə müsahibə aparmışdır. Sahilə, 25 ən perspektivli iştirakçıdan biri olaraq seçilmiş və öz biznesinə başlamaq üçün kiçik bir qrantla mükafatlandırılmışdır. Həm qrant məbləği civarında lazım olan şirniyyat avadanlıqları alınaraq Sahiləyə verilmiş, Azərbaycanın şimal-şərqində yerləşən Quba rayonunda “SİRLİ SOBA” şirniyyat dükanını açmışdır.

“Ailəmin davamlı dəstəyi və layihə çərçivəsində aldığım avadanlıqlar mənə qarşılaşdığım çətinliklərin öhdəsindən gəlməyə kömək etdi,” deyə o izah edir. “Hal-hazırda, sifarişləri yerinə yetirməyə kömək edən iki işçim var.”

Sahilənin şirniyyat biznesini daha da böyütmək üçün böyük planları var. Onun məqsədi yeni filiallar açmaq və “SİRLİ SOBA”nı Azərbaycanın tanınmış bir brendi etməkdir. Artıq o, paytaxt Bakı və Quba bölgəsindəki daha böyük mağazalardan böyük sifarişlər almağa başlayıb. O, əlavə avadanlıqlar almaq, çatdırılma üçün bir avtomobil əldə etmək və bu sifarişləri yerinə yetirmək üçün işçi sayını artırmaq üzərində işləyir.

Sahilə, daha çox qadının onun izi ilə kiçik biznes dünyasına daxil olacağını ümid edir. “Mən həqiqətən inanıram ki, hər bir qadın öz biznesini qura bilər,” o deyir. “Mən özümə inandım, bir məqsəd qoydum və ona çatdım. Yolda maneələrlə və çətinliklərlə üzləşə bilərsiniz, lakin ruhdan düşməyin və irəliləməyə davam edin. Mən bu layihəyə qoşularaq öz biznesimin sahibi oldumsa, siz də ola bilərsiniz.”

“Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə Davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi AQSİA tərəfindən“ Aİ 4 Gender Bərabərliyi: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı birlikdə” proqramı (2-ci mərhələ) çərçivəsində həyata keçirilmişdir. Proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş, BMT Qadınlar və BMT Əhali Fondu (UNFPA) tərəfindən birgə icra edilmişdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm