Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsinin icrasına dəstək: İƏİT və Nazirlik EU4Business layihəsinin icrasına başlamışdır

Azərbaycan
Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsinin icrasına dəstək: İƏİT və Nazirlik EU4Business layihəsinin icrasına başlamışdır

İƏİT tərəfindən bütün Şərq Tərəfdaşlığı regionunda həyata keçirilən və EU4Business təşəbbüsü çərçivəsində Aİ tərəfindən maliyyələşən "EU4Business: Siyasətdən Fəaliyyətə" adlı layihə çərçivəsində dekabrın 7-də Bakıda "Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsinin icrası və monitorinqinə dəstək" mövzusunda İƏİT İşçi Qrupunun ilk görüşü keçirilmişdir.

İƏİT və Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında Azərbaycanın KOM-lar üzrə yol xəritəsinin icrası və monitorinqinə dair birgə layihənin icrasına başlamaq görüşün əsas məqsədi olmuşdur. Tədbiri giriş sözü ilə açan İqtisadiyyat Nazirinin Müavini Sahib Məmmədov biznes mühitinin yaxşılaşdırılması ilə bağlı davam etməkdə olan islahatları vurğulayaraq, nazirliyin gələcək islahatlara dair İƏİT ilə sıx əməkdaşlıq etmək kimi öhdəlik götürdüyünü bildirmişdir. Aİ Nümayəndəliyinin əməliyyatlar üzrə şöbəsinin rəhbəri Ceroen Vilyems KOM-ların Azərbaycan iqtisadiyyatının diversifikasiyasındakı əhəmiyyətini vurğulamış, İƏİT-nin nümayəndəsi Vilyam Tompson isə iqtisadi diversifikasiya və KOM-ların yeni iş yerlərinin yaradılmasında oynadığı rolundan danışmışdır.

Tədbirin səhər sessiyasında KOM-lar üzrə yol xəritəsinin investisiya və ticarət sahələrindəki icrası diqqət mərkəzində olmuşdur. İqtisadiyyat Nazirliyi müəyyən edilmiş tədbirlər və əsas koordinasiya orqanı kimi nazirliyin daxilində yaradılan məsul işçi qrupları daxil olmaqla, yol xəritəsinin icrası ilə bağlı fəaliyyətləri təqdim etmişdir. Öz növbəsində İƏİT Azərbaycan KOM-larının beynəlmilləşməsi və xarici investorlarla potensial əlaqələrinin səviyyəsini öyrənmək məqsədilə yerli şirkətlər və xarici investorlar arasında aparılacaq sorğunun layihəsini təqdim etmişdir. Müzakirələr zamanı iştirakçılar Azərbaycanın aqrobiznes sektorunun potensialını vurğulamış və sektorlar üzrə ixracat birliklərinin uğurlu təsisi barədə məlumat vermişlər.

Günorta sessiyasında isə KOM-lar üzrə yol xəritəsinin monitorinqi və qiymətləndirilməsi diqqət mərkəzində olmuşdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Vüsalə Cəfərova KOM-lar üzrə yol xəritəsinin icrasında əldə olunan irəliləyişlər daxil olmaqla, mövcud monitorinq prosesi haqqında ümumi məlumat vermişdir. O, iştirakçılara fəaliyyətin 6%-nin tamamlandığını, 42%-nin isə hazırda icra olunduğunu bildirmişdir. KOM-ların inkişafı üzrə beynəlxalq ekspert Rikardo Pinto tədbirdə ilk altı ayı əhatə edən monitorinq hesabatı daxil olmaqla, əldə edilən mühüm nailiyyətləri vurğulamışdır. Sonra isə o, mühüm fəaliyyət göstəriciləri və maraqlı tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi ilə bağlı təcrübəni bölüşmüşdür.

Görüşdə KOM-lar üzrə yol xəritəsinin icrasına məsul olan müxtəlif dövlət orqanları, yerli biznes assosiasiyaları, beynəlxalq ticarət palatalarından maraqlı tərəflər və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

EU4Business maliyyə və bazarlara çıxışı yaxşılaşdırmaq, qadın sahibkarları cəsarətləndirmək və biznes bacarıqlarının yaradılması vasitəsilə Azərbaycanın KOM sektorunu inkişaf etdirmək üçün hökumət, assosiasiyalar və KOM-lar ilə çalışır. Həmçinin, Aİ, hökuməti uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətində KOM-la bağlı müvafiq siyasət hazırlanmasında və bununla da ölkənin KOM-la bağlı potensialının üzə çıxarılmasında dəstəkləyir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm