Dəyişimin dadı: Azərbaycan şirkəti çaysevər ölkədə xüsusi qəhvə biznesini inkişaf etdirir

Azərbaycan
Dəyişimin dadı: Azərbaycan şirkəti çaysevər ölkədə xüsusi qəhvə biznesini
inkişaf etdirir

Azərbaycanda çayın ənənəvi olaraq üstünlük təşkil etdiyi bir mədəniyyətdə qəhvə getdikcə daha populyarlaşır və yeni kafelər açılmağa davam edir. Son illərdə ölkənin qəhvə mədəniyyəti nəzərəçarpacaq dərəcədə dəyişib. Müştərilər artıq qəhvənin mənşəyi, qovurma keyfiyyəti, dəmləmə üsulları, təravəti və sabit keyfiyyəti ilə daha çox maraqlanırlar. Bu dəyişiklik yalnız qəhvə satan deyil, eyni zamanda daha güclü xüsusi qəhvə mədəniyyətinin formalaşmasına töhfə verən yeni nəsil qəhvə biznesləri üçün imkan yaradıb. 

42 Coffee Roasters MMC onlardan biridir. 2018-ci ildə Abu-Dabidə yaradılan biznesin hazırda üç filialı var — onlardan biri Bakıda, ikisi isə BƏƏ-də yerləşir. Bu gün 42 Coffee Roasters təzə qovrulmuş xüsusi qəhvə, drip bag qəhvə, kapsul qəhvə və qəhvə dənələri istehsalçısı kimi tanınır. Şirkət yüksək keyfiyyətli yaşıl qəhvə seçir, onu diqqətlə qovurur, öz reseptlərini hazırlayır və həm pərakəndə, həm də biznes müştəriləri üçün daha fərqli qəhvə təcrübəsi təqdim edir. 

42 Coffee Roasters həm də öz reseptlərini hazırlayır və 20-dən çox dad çeşidi təklif edir. Ən populyar məhsulu isə drip bag qəhvədir. Şirkətin məlumatına görə, drip bag qəhvəni Azərbaycana ilk gətirən məhz onlar olub və bu məhsul hələ də ən çox satılan məhsullardan biridir. 

“Drip bag qəhvənin uğurunu anlamaq çətin deyil. O, müştərilərə evdə, ofisdə və ya səyahət zamanı bahalı avadanlıq olmadan təzə filter qəhvə hazırlamaq imkanı verir. Rahat, təmiz və əlçatandır, eyni zamanda xüsusi qəhvə təcrübəsi təqdim edir,” — deyə 42 Coffee Roasters-in direktoru Cavid Tarverdiyev bildirir. 

Parçalanmış əməliyyatlardan mərkəzləşdirilmiş idarəetməyə

Şirkət böyüdükcə əməliyyatların idarə olunması getdikcə daha mürəkkəb hala gəldi. Maliyyə məlumatlarının, müştəri bazasının, satış fəaliyyətinin və gündəlik əməliyyatların idarə olunması üçün müxtəlif alətlərdən, Excel fayllarından və ayrı-ayrı sistemlərdən istifadə edilirdi. Məlumatlar müxtəlif platformalarda səpələnmiş vəziyyətdə idi ki, bu da təkrarlanmaya, gecikmələrə və biznes proseslərini bütöv şəkildə izləməyi çətinləşdirirdi. 

“Mərkəzləşdirilmiş maliyyə idarəetməsinin olmaması şirkətin fəaliyyətini izləməyi, məlumatların dəqiqliyinə nəzarət etməyi və vaxtında qərarlar qəbul etməyi çətinləşdirirdi. Əməliyyatların, məhsulların və müştərilərin sayı artdıqca bu, ciddi maneəyə çevrilmişdi”, – deyə 42 Coffee Roasters-in direktoru Cavid Tarverdiyev bildirir.  

Şirkətin daha güclü POS sisteminə də ehtiyacı var idi. Mövcud sistem real vaxt hesabatları, anbar ehtiyatlarının və dəqiq satış izlənməsi üçün kifayət qədər güclü deyildi. “Həm onlayn, həm də oflayn fəaliyyət göstərən biznes üçün bu kritik məsələ idi,” — deyə Tarverdiyev izah edir. “Real vaxt məlumatı olmadan hansı məhsulların daha sürətlə satıldığını, hansı kanalların daha yaxşı nəticə verdiyini və hansı əməliyyat sahələrində inkişaf tələb etdiyini anlamaq çətin olur.”

Bu problemlərin həlli məqsədilə 42 Coffee Roasters Avropa İttifaqının EU4Business təşəbbüsü çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının 42 Coffee Roasters üçün bulud əsaslı ERP sisteminin tətbiqi layihəsinə qoşuldu. Layihə maliyyə idarəetməsinin, POS əməliyyatlarının, hesabatvermə imkanlarının, bulud infrastrukturunun və sistem inteqrasiyasının gücləndirilməsinə yönəlmişdi. 

Layihə çərçivəsində əsas biznes funksiyalarını vahid idarəetmə platformasında birləşdirən bulud əsaslı ERP sistemi tətbiq olundu. Həmçinin şirkətin veb-saytı, CRM və maliyyə sistemləri inteqrasiya edildi ki, bunun sayəsində onlayn sifarişlər, müştəri məlumatları və əməliyyat prosesləri daha səmərəli şəkildə əlaqələndirildi. 

Nəticədə müştəri fəaliyyətini izləmək asanlaşdı, sifarişlərin idarə olunması daha effektiv oldu və rəhbərlik qərarların qəbulu üçün daha etibarlı, real vaxt məlumatlarına çıxış əldə etdi.

Uğurlu keçidi təmin etmək məqsədilə üç əməkdaş yeni sistemlər üzrə hərtərəfli təlim keçdi. 

Üç il sonra: gündəlik əməliyyatların bir hissəsinə çevrilmiş sistem

Üç il sonra yeni sistem şirkətin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Layihə konkret nəticələr verdi: əmək məhsuldarlığı 12 faiz, şirkətin dövriyyəsi isə 12 faiz artıb. Debitor borclarının yığılma müddəti 90 faiz azalıb. Satışlar, müştəri münasibətləri və daxili proseslər artıq vahid inteqrasiya olunmuş sistem vasitəsilə idarə edilir. Real vaxt hesabatları və inteqrasiya olunmuş məlumatlar rəhbərliyə biznesi daha dəqiq izləməsinə imkan verib. 

Hazırda 42 Coffee Roasters 18 nəfərlik komanda ilə fəaliyyət göstərir və gələcək inkişafı dəstəkləyəcək daha güclü əməliyyat bazasına malikdir.

İnkişafın növbəti mərhələsinə dəstək

42 Coffee Roasters üçün elektron ticarət Azərbaycanda fəaliyyətə başladığı ilk gündən biznes modelinin bir hissəsi olub. Lakin biznes böyüdükcə şirkət onlayn müştəri əlaqələrini daha da gücləndirmək və ölkədə elektron ticarətin inkişafına töhfə vermək üçün yeni imkanlar görür. 

EU4Business-in dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində tətbiq olunan rəqəmsal sistemlər bu məqsədləri reallaşdırmaq üçün zəruri infrastrukturu formalaşdırıb. Müştəri, satış və əməliyyat məlumatlarının inteqrasiyası sayəsində şirkət artıq onlayn inkişafı daha effektiv idarə etmək və müştəri təcrübəsini yaxşılaşdırmaq imkanına malikdir. 

Şirkətin məqsədi yerli elektron ticarət platformalarına müştəri etimadını artıracaq etibarlı və rahat onlayn satış mexanizmi qurmaqdır. Bu məqsəd yalnız qəhvə biznesi ilə məhdudlaşmır. Yerli brend güclü, etibarlı və istifadəçi yönümlü onlayn satış təcrübəsi yarada bilsə, digər şirkətlər və sahələr də bu nümunəni izləyə bilər. Beləliklə, 42 Coffee Roasters təkcə öz biznesinin deyil, həm də ölkədə rəqəmsal ticarətin ümumi inkişafına töhfə verməyi hədəfləyir. 

Şirkət artıq BƏƏ-də oxşar təcrübə yaşayıb. 2017-2018-ci illərdə bir çox qəhvə qovurma müəssisələrin vebsaytı olsa da, onlar təzə qəhvəni aktiv şəkildə onlayn satmırdılar. 42 Coffee Roasters təzə qəhvənin birbaşa onlayn satışına fokuslanan ilk şirkətlərdən biri oldu. Daha sonra, 2020-ci ildə  COVID-19  pandemiyası dövründə onlayn pərakəndə müştərilərin sayı əhəmiyyətli dərəcədə artdı. Şirkətin qəhvəsini bir dəfə sınayan bir çox insan daimi müştəriyə çevrildi. Bu təcrübə şirkətə göstərdi ki, güclü onlayn kanal biznesin ən vacib hissələrindən birinə çevrilə bilər. 

Pərakəndə və onlayn satışlarla yanaşı, 42 Coffee Roasters ofislər və kafe şəbəkələri üçün həllər üzərində də işləyir. Şirkət qoşulmuş cihazlardan və süni intellektdən istifadə edərək qəhvə avadanlıqlarının uzaqdan idarə oluna biləcəyi model üzərində araşdırmalar aparır. Məqsəd avadanlığın tənzimlənməsinə nəzarət etmək və müxtəlif məkanlarda eyni resept və dad sabitliyini qorumaqdır. 

Avropa İttifaqı və AYİB-in dəstəyi 42 Coffee Roasters üçün xüsusi qəhvə sahəsindəki təcrübəsini müasir rəqəmsal infrastruktur və aydın inkişaf strategiyası ilə birləşdirməyə imkan verib. Bu gün şirkət təkcə yerli qəhvə brendi kimi böyümür. O, həm də Azərbaycanda daha müasir, rəqəmsal və keyfiyyət yönümlü qəhvə bazarının formalaşmasına töhfə verir. 

Biznesinizi gücləndirmək üçün dəstəyi necə əldə etmək olar

Aİ-nin EU4Business təşəbbüsü çərçivəsində AYİB-in Kiçik Bizneslər üçün Məsləhət proqramı vasitəsilə ölkədə artıq 1,200-dən çox layihə həyata keçirilib və 150-dən çox yerli məsləhətçi tərəfindən dəstəklənib. Bu, şirkətlərə fəaliyyət göstəricilərini gücləndirmək, rəqabət qabiliyyətini artırmaq və yeni bazar imkanlarını öyrənməyə kömək edir. 

Əgər Azərbaycanda fəaliyyət göstərən, özəl mülkiyyətdə olan, 250-dək işçisi olan, illik dövriyyəsi 50 milyon avrodan az olan və ən azı iki ildir fəaliyyət göstərən KOB-lardan birisinizsə, bu dəstəkdən yararlana bilərsiniz. 

Proqram sizi marketinq, rəqəmsallaşma, əməliyyatlar və keyfiyyət idarəçiliyi kimi sahələrdə praktiki və fərdi yanaşma ilə dəstək verən təcrübəli yerli və beynəlxalq ekspertlərlə əlaqələndirir.

Genişlənmək, innovasiya tətbiq etmək və ya səmərəliliyi artırmaq istədiyiniz halda, düzgün ekspertiza nəzərəçarpacaq fərq yarada bilər. 

Biznesinizin bu proqramdan necə yararlana biləcəyini öyrənin və müraciət edin: AYİB-in Kiçik Bizneslər üçün Məsləhət proqramı haqqında ətraflı məlumat əldə edin. 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm