Əməkdaşlıq Balakəndə xurma yetişdirən fermerlər üçün uğurun açarı olub

Azərbaycan
Əməkdaşlıq Balakəndə xurma yetişdirən fermerlər üçün uğurun açarı olub

Təşkilatçılıq və adaptasiya bacarıqlarına malik 46 yaşlı fermer Nizami Musayev son on beş ildir Balakəndə xurma yetişdirib satır. Onun ailəsi Azərbaycanın bu meyvənin aparıcı istehsalçısı olmasına kömək edən çoxsaylı kiçik ev təsərrüfatlarından biridir.

Xurma fərqli məhsulların hazırlanması üçün geniş istifadə edilir, lakin Nizami son illərdə əsasən xurma qurusu kimi qablaşdırılmış qəlyanaltı şəklində satılan məhsulların sürətlə böyüyən bazarına maraq göstərir. Nizami deyir: “İnsanlar qurudulmuş meyvəni sevirlər, lakin meyvələri günəş altında qurutmaq üçün istifadə etdiyimiz ənənəvi üsullar çox vaxt aparır və əldə edilən nəticə qənaətbəxş olmur. Meyvələrin çoxu bu şəkildə emal edildikdə vaxtından əvvəl xarab ola bilər”.

Nizami sahibkarlıq ruhunun sayəsində qəlyanaltıların müasir qurutma maşınlarının köməyi ilə istehsalı üçün alternativ yollar axtarmağa başlayıb. “Mən həll yolunu görürdüm” – deyə o bildirir, –“problem kapital toplamaqda idi. Sonra da investisiyaları doğrultmaq üçün kifayət qədər böyük miqyasda istehsal və satışın yollarını düşünmək lazım idi."

Kiçik biznesini necə genişləndirə biləcəyi barədə daha çox məlumata ehtiyacı olduğuna qərar verən Nizami BMTİP və ABAD tərəfindən həyata keçirilən müştərək layihə və bu layihənin EU4Business proqramının Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstəyi çərçivəsində yerli sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üçün təklif etdiyi təlim imkanları haqqında məlumat alıb.

Nizami layihənin bir neçə təlimində iştirak etdikdən sonra Balakəndə xurma yetişdirməklə məşğul olan bəzi ailələrlə məsləhətləşmək və onları layihəyə cəlb etmək qərarına gəlib.

"Mən inanırdım ki, keyfiyyətli və sərfəli məhsul yaratmaq üçün resurslarımızı birləşdirməklə daha çox qazanc əldə edə bilərik. Ona görə də, daha üç ailəni bir araya gətirdim və təklifimi onlara bildirdim. Onlara “Gəlin bir ümumi brend altında birləşək” – dedim, – "Beləcə, daha çox keyfiyyətli məhsul istehsal edib sata biləcəyik.” Hamı razı olduqdan sonra layihəyə birgə müraciət etməyə qərar verdik.”

Dörd ailə, daha doğrusu, Nizaminin təşəbbüskarı olduğu kiçik kooperativ layihənin təlim sessiyalarında birlikdə iştirak edərək bizneslərində uğur qazanmağın ən yaxşı yollarını sahə ekspertlərindən öyrəndilər. Ailələr kurs davam etdikdə brendləşdirmənin vacibliyi haqqında yeni biliklərini tətbiq edərək və supermarketlər kimi daimi müştərilər qazanaraq ilkin biznes ideyalarını təkmilləşdirməyə davam etdilər.

Onların birgə planının sayəsində layihə ailələrin hər birini peşəkar quruducu soba və soyuducu ilə təmin etdi və ABAD ilk məhsulların təchizatı ilə bağlı müqavilə imzaladı. Bu avadanlıqlar təkcə məhsul istehsalının effektivliyinin təmin edilməsi üçün vacib deyildi. Bu texnologiya məhsulların supermarketlərdə satışı məqsədilə sertifikatlaşdırılması üçün tələb edilirdi.

ABAD-ın dəstəyi ilə dörd ailə artıq öz xurma məhsullarını Bakıdakı supermarketlər də daxil olmaqla, bəzi böyük supermarket şəbəkələrində nümayiş etdirib satışa çıxara biliblər. Onların sabit gəlir əldə etmək ümidi getdikcə güclənir. Xurma quruları reklam aksiyaları çərçivəsində müxtəlif supermarketlərdə potensial alıcılara dequstasiya üçün təqdim edilib və hazırda "Karvan" brendi altında satışdadır.

Onların birgə uğuru daha geniş ictimaiyyət üçün də yaxşı xəbərdir, çünki hər bir ailənin artıq on və ya daha çox mövsümi işçisi var və onların genişlənən biznesi daha çox iş yeri yaradacaq.

Hələlik isə Nizaminin əsas tam ştatlı işçisi oğludur. Nizami onun biznesi davam etdirəcəyinə və kooperativi genişləndirəcəyinə ümid edir.

“Bütün təlimlərdən və bu iş təcrübəsindən öyrəndim ki, zamanla ayaqlaşmaq lazımdır" – deyə Nizami vurğulayır. – “Amma həmişə yadda saxlamalıyıq ki, insanlarla birlikdə hərəkət edəndə və hər kəs daha yaxşı imkanlar qazananda daha gözəl nəticələrə nail oluruq."

***

"Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi EU4Business Təşəbbüsü çərçivəsində Aİ tərəfindən dəstəklənir, BMTİP və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” mərkəzləri tərəfindən həyata keçirilir. Layihənin məqsədi 44 kəndli ailəsinin öz yerli biznesini açmasını və genişləndirməsini dəstəkləmək, onlara biznesin inkişafı və planlaşdırılması, brend və dizaynın hazırlanması, maliyyə, mühasibatlıq və hüquqi dəstək xidmətləri ilə bağlı təlimlər keçməkdən ibarətdir. Layihə eyni zamanda benefisiarları bizneslərini genişləndirmələri üçün avadanlıqlarla təchiz edir.

 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm