
Reklam sənayesi iqtisadi inkişafın, bazar dinamikasının formalaşmasının, ticarətin stimullaşdırılmasının və innovasiyaların gücləndirilməsinin hərəkətverici qüvvəsidir. Lakin bir çox kiçik və orta müəssisələr (KOB-lar) üçün bu sürətlə inkişaf edən mühitdə rəqabətə davamlı qalmaq yalnız yaradıcılıq tələb etmir – o, eyni zamanda qabaqcıl rəqəmsal alətlərdən istifadəni də zəruri edir.
Bakıda fəaliyyət göstərən reklam şirkəti Setline üçün rəqəmsallaşma, əməliyyatları genişləndirmək, səmərəliliyi artırmaq və yüksək profilli müştəriləri cəlb etmək baxımından əsas rol oynadı.
Güclü sənaye əlaqələrinin qurulması
2013-cü ildə qurulan Setline, yüksək keyfiyyətli çap və elan materialları təqdim edərək reklam, dizayn və tədbir sahələrində sürətlə tanındı. Şirkət işin ənənələrinə sadiq qalsa da, inkişaf etmək və daim yeniliklərlə ayaqlaşmaq zərurətini başa düşürdü.
Setline-ın uğuru, həm texniki imkanlara, həm də güclü tərəfdaşlığa əsaslanır. Şirkətin müştəri tələblərini səmərəli şəkildə qarşılamağa imkan verən tam təchiz olunmuş emalatxana, anbar və icarə obyekti fəaliyyət göstərir. Bu illər ərzində Setline bir sıra iri qurumlar və şirkətlər üçün dizayn və reklam həlləri təqdim edib.
10 daimi işçidən ibarət əsas komanda ilə Setline, işçi qüvvəsini ehtiyac olduqda genişləndirir və xüsusi layihələr üçün ixtisaslaşmış mütəxəssisləri cəlb edir. Şirkətin son strategiyası, müştəri bazasını genişləndirmək və sektordakı mövqeyini gücləndirmək məqsədi daşıyır.
Boşluqların aradan qaldırılması: rəqəmsallaşma üçün təkan
2022-ci ilə qədər, təqribən onillik iş təcrübəsi olan Setline, iş axınındakı və əməliyyatlardakı səmərəsizlik kimi ciddi problemlərlə üzləşdi. O dövrdə şirkət, məlumatların parçalanmış şəkildə idarə edilməsi, tapşırıqların təkrarlanması və biznes proseslərinə mərkəzləşdirilmiş nəzarətin olmaması ilə mübarizə aparırdı.
Transformasiyaya ehtiyac olduğunu dərk edən Setline, EU4Business Təşəbbüsü tərəfindən maliyyələşdirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Kiçik Bizneslər üçün Məsləhət Proqramına müraciət etdi.
“Biz bu layihə haqqında tərəfdaş şirkətimizdən öyrəndik və dərhal bizim marağımızı çəkdi”, - Setline şirkətinin direktoru Samir Cəfərov xatırlayır. "Bu təşəbbüsü, səmərəsizliyi aradan qaldırmaq və əməliyyatlarımızı optimallaşdırmaq üçün bir fürsət kimi gördük."
Rəqəmsallaşma şirkətin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Sadələşdirilmiş iş axınları xidmət sürətini artırdı, müştəri məmnuniyyətini yüksəltdi və nəticədə gəlirləri də artırdı.
İşçilərin məhsuldarlığı da artdı. Avtomatlaşdırma və rəqəmsal alətlər onların daha çevik olmalarına imkan verdi. Optimallaşdırılmış əməliyyatlar və səmərəli resurs bölgüsü, xərclərin azalmasına səbəb oldu.
"Rəqəmsallaşma biznesimizə daha yaxşı nəzarət imkanı verdi və daha sürətlə irəliləməyimiz üçün imkanlar yaratdı", - Cəfərov əlavə edir.
Qarşıdakı yol: böyümə və genişlənmə
2023-cü ilə qədər Setline-ın rəqəmsal transformasiya öhdəliyi öz bəhrəsini verdi. Dövriyyə və əmək məhsuldarlığı 40% artdı. Şirkət indi daha da genişlənməyə, yeni bazar seqmentlərini araşdırmağa və sənaye dəyişikliklərini qabaqlamaq üçün inkişaf etməkdə olan texnologiyaları tədbiq etməyə çalışır.
Setline, səmərəliliyə, innovasiyaya və strateji böyüməyə yenidən diqqət yetirərək qət etdiyi yoldan mühüm bir dərs çıxarır: sürətlə dəyişən sənayelərdəki KOB-lar üçün rəqəmsallaşmanın tətbiqi sadəcə bir seçim deyil, bu, yaşamaq və uğur qazanmaq üçün bir zərurətdir.