Əlverişli iqlim və təmiz təbiət Azərbaycanın şimal-qərbində yerləşən Şəmkir rayonunda quşçuluq təsərrüfatlarının inkişafı üçün çox önəmli amildir. Şəmkirin iqtisadiyyatının əsasını maldarlıq və ipəkçiliklə yanaşı, toyuqçuluq təşkil edir. Toyuqlar təkcə böyük kommersiya zavodları tərəfindən deyil, həm də daha kiçik miqyaslı şəxsi təsərrüfatlar tərəfindən yetişdirilir - quş əti və yumurtaya artan tələbatı ödəmək üçün bu çox önəmlidir. İyirmi ildən artıq Mübariz Kazımov Şəmkirdə həm fabrikdə, həm də öz təsərrüfatında işləməyi bacarıb. Geriyə nəzər saldıqda, o, öz biznesini qurmaq qərarına gəldiyi anı və EU4Business tərəfindən dəstəklənən layihənin ona necə kömək etdiyini xatırlayır.
İşçidən sahibə qədər
Toyuq yetişdirmə üsullarından biri sünidir. Bu üsulda inkubatorlardan istifadə olunur. Bir çox fermerlər kimi Mübariz Kazımov da inkubatordan istifadə etməyə üstünlük verir, çünki bu büdcəyə qənaət etmək imkanı verir. Fermer əlavə qazanc əldə etməklə yanaşı, həm də ailəsini ekoloji təmiz qida ilə təmin edir. Mübariz Kazımov quşçuluğa hələ 1990-cı illərdə başlayıb. 10 il dövlət quşçuluq fabrikində inkubator operatoru işləyib. Tezliklə o, quşçuluğun qazanclı iş olduğunu anlayıb. Əldə etdiyi təcrübə ona 2000-ci ildə öz biznesini qurmağa imkan verdi. İndi onun toyuq yetişdirmə üçün inkubator sexi var.
Maliyyələşdirmə və gəlirin artırılması
Mübariz Kazımov krediti AYİB tərəfindən EU4Business Təşəbbüsü çərçivəsində həyata keçirilən Azərbaycan Kənd Təsərrüfatının Maliyyələşdirilməsi Mexanizmi (AZAFF) layihəsi vasitəsilə alıb və bu, onun biznesinin çiçəklənməsinə imkan verib. Onun illik gəliri 35 000 manat və ya 19 000 avroya yüksəlib. Qazanclar aydan aya dəyişir. İnkubatorda ayda 40-50 min yumurta qoyulur. Onların təxminən 75 faizi yumurtadan çıxır və sonra satılır.
“Mənim dostum “Bank Respublika”nın Şəmkir filialında işləyir”, – Kazımov deyir. “O, mənə layihə haqqında danışdı. Dedi ki, tələbləri yoxlayıb kredit üçün müraciət edə bilərəm. Mən bunun sərfəli olduğunu başa düşdüm və müraciət etdim”.
Mübariz Kazımovun sözlərinə görə, hətta pandemiya onun işinə təsir etməyib. Əksər müəssisələr karantin səbəbindən bağlansa da, onun müəssisəsi işləməyə və çiçəklənməyə davam etdi.
Layihə vasitəsilə maliyyələşdirmənin birinci mərhələsində Kazımov AZAFF proqramı çərçivəsində kreditlərin verilməsində vasitəçi kimi fəaliyyət göstərən Bank Respublikadan 5000 manat və ya 2700 avro alıb. Daha sonra o, ümumilikdə 50.000 manat və ya 27.000 avro məbləğində əlavə maliyyə aldı. Bu gün o, bütün kreditləri ödəmək prosesindədir.
Azərbaycan Kənd Təsərrüfatının Maliyyələşdirilməsi Mexanizmi Avropa İttifaqı tərəfindən EU4Business Təşəbbüsünün bir hissəsi kimi maliyyələşdirilir. Proqram AYİB tərəfindən 2 milyon avroya yaxın büdcə ilə həyata keçirilir. O, tərəfdaş maliyyə institutları və fermerlər üçün texniki yardım xidmətləri göstərmək üçün nəzərdə tutulub.