"Aİ dəstəyi daha cəsarətli olmağımıza kömək etdi". Bu sözləri Gədəbəydən olan Rüxsarə Məmmədova deyir. Maliyyə savadlılığına yiyələnən Məmmədova ikinci uğurlu bir işə başlaya bildi. Maliyyə savadlılığı təlimi və EU4Business təşəbbüsü çərçivəsində verilən qrant vasitəsilə Məmmədova indi müxtəlif növ şirniyyatların hazırlandığı sexə sahiblik edir.
Yeni bir işə aparan yol
Azərbaycanın Gədəbəy bölgəsində taxılçılıq sürətlə artmaqdadır. Bunun üçün bir çox fürsət var, əsas da iqlim. Ölkənin qərb hissəsində yerləşən Gədəbəydə taxılçılığına maraq hər il yüksəlir. Unun bolluğu çörək və şirniyyat biznesinin yaradılmasına imkanlar açır.
Gədəbəyli Rüxsarə Məmmədova təxminən 10 ildir biznes ilə məşğuldur. Əvvəlcə o qazancının əsas mənbəyinə çevrilən çörək sexini açıb. Buna baxmayaraq hər zaman işini genişləndirməyi xəyal edirdi. Bir neçə il əvvəl isə bəxt onun üzünə güldü. 2018-ci ildə Azərbaycan Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyasının üzvü yerli qadın sahibkarlarla görüşmək üçün Gədəbəyə gəldi. Sahibkarların arasında Rüxsarə Məmmədova da var idi. Sonradan o təşkilatın bu bölgədəki təmsilçısı seçildi. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının vasitəsi ilə o, digər biznes sahibləri ilə birlikdə EU4Business dəstəyi ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən həyata keçirilən “Azərbaycanın kənd bölgələrində davamlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” adlı bir layihədə iştirak etməyə dəvət edildi. Məqsəd, müəyyən bölgələrdə kişilərə və qadınlara öz işlərini qurmalarına kömək etməkdir.
"Bu, Avropa İttifaqı ilə ilk təcrübəm idi və bunu çox yüksək qiymətləndirirəm", deyir Rüxsarə Məmmədova. “Bu layihə qadın sahibkarların irəliləməsinə kömək edir. Təşəbbüs hamımızın daha cəsarətli olmasına səbəb oldu. Biz qadınlar həqiqətən bu cür qayğıya və dəstəyə ehtiyac duyuruq.” Məmmədova, bir çox digər qadınların arzularını reallaşdırmasına imkan verən bu cür layihələrin davam edəcəyinə ümid edir.
Bu layihədə iştirak qadın sahibkarlara müxtəlif yollarla kömək etdi. Yalnız maddi yardım almadılar, həm də işin necə aparılacağını da öyrəndilər.
"Çox vacib olan bu layihənin maliyyə savadlılığımızı artırmağımıza kömək etməsidir". Məmmədova qeyd edir. "Ayrıca, maliyyəni düzgün bir şəkildə necə paylayacağımızı, əsas prinsipləri necə formalaşdıracağımızı və iş inkişaf planını necə təşkil etməyimizi öyrəndik."
Mümkün hədəflər
Bu layihəyə qatıldıqdan sonra Məmmədova 17 Mart 2020-ci ildə fəaliyyətə başlayan şirniyyat sexini açmağa qərar verdi. Bunun üçün ona 5.000 manat və ya təxminən 2500 Avro qrant verildi. Burada istehsal olunan bir çox tort sənət əsəri kimi görünür və hazırlıq zamanı diqqətli yanaşma tələb edir. Tortlar və ənənəvi milli şirniyyatlardan əlavə sex fərdi sifarişləri də qəbul edir.
Hələlik müəssisə əsasən ad gününün ayrılmaz hissəsi olan tortların sifarişlərini qəbul edir. Sifarişlər gündəlik sayılır və bu səbəbdən müəssisə hər gün təxminən 6-7 tort və 200-ə yaxın çörək və goğal hazırlayır.
Bu gün Məmmədovanın sexində iki işçi çalışır. O, gələcəkdə işini genişləndirmək niyyətindədir və toy məclislərinin yenidən başlamasını gözləyir. Hal-hazırda Azərbaycanda pandemiya səbəbi ilə toyların keçirilməsinə hələ də qadağa mövcüddur. Şirkət ən mürəkkəb, qeyri-adi tortlarını məhz bu mərasimlər üçün hazırlayır. Məmmədova gələn yay yeni işçi götürməyi planlaşdırır. O, daha çox qadınların bölgələrdə kiçik sahibkarlığı inkişaf etdirmək şansı qazanacağına ümid edir.