Söhrab İsmayılov gününü doğma şəhəri Zaqatalanın bazarında ömür boyu dostluq etdiyi Harun Nurayevin işlətdiyi kiçik restoranda ənənəvi xaş ilə başlayır. Altmış yaşını adlamış hər iki kişi istər-istəməz övladlarının evlənməsi ilə birləşmiş ailələri haqqında danışır və yerli xəbərləri bir-birinə deyir. Ancaq çox keçmədən artıq bir neçə ildir onları düşündürən başqa bir ailəvi mövzuya – “eko-məhsul" istehsalı ilə bağlı birlikdə başladıqları yeni biznesin inkişafına qayıdırlar.
Söhrab səhər yeməyindən sonra Harunun həyətində qurduqları sexdə istehsal prosesinə nəzarət etmək üçün yola düşür. Bir qədər sonra Harun Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək məqsədilə EU4Business Təşəbbüsü çərçivəsində BMTİP və ABAD-ın birgə layihəsinə uğurla müraciət etdikdən sonra quraşdırılmış yeni avadanlıqla işləmək üçün ona qoşulur.
"Biz indi yeni məhsullar axtarırıq," – Söhrab sevinclə izah edir, – "İndi fındıq istehsalı ilə məşğuluq, lakin eyni qurutma və qablaşdırma avadanlıqlarından qurudulmuş meyvə və tərəvəz kimi digər məhsulları hazırlamaq üçün də istifadə edə bilərik."
Harun dostunun həvəsinə gülümsəyir: "O, həmişə belədir – yerində sakit dura bilmir."
“Biz “innovator” deyilik?” – deyə Söhrab etiraz edir: "Bəyəm bu, nə isə təzə bir şey icad etmək demək deyil?"
"Mən o nə desə, edirəm" – deyə Harun qımışır və hər ikisi ortaqlıqlarının bu cür izah edilməsinə gülürlər, çünki əslində uğurlarının sirrinin fərqli bacarıqlarının bir araya gəlməsində olduğunu bilirlər.
İki dostun həvəsi və biznesə olan marağı ABAD və BMTİP tərəfindən Zaqatalada həyata keçirilən EU4Business layihəsi çərçivəsində iştirak etdikləri çoxsaylı təlim kurslarında iştirakçılar və müəllimlər arasında onları məşhur edib.
Təlimçilərdən biri qeyd edir: "Onlar sualları ilə bizi hər an hər şeyə hazır olmağa vadar edirdi. Onlar hər şeyi birdən öyrənmək istəyirdilər – məsələn, Google-da profillərini necə inkişaf etdirə bilərlər, hər məhsuldan nə qədər qazanc əldə etmək olar və balansın müsbət olması üçün nə qədər məhsul satılmalıdır, ərzaq məhsullarının daşınması zamanı temperatur necə olmalıdır və s. Onlar sessiyaları daha əyləncəli və interaktiv edirdilər. Hətta hamımızı məhsullarının dadına baxıb onlara rəy bildirməyə vadar etmişdilər!”
Söhrab və Harun işgüzar və texniki bacarıqlar, brendinq, marketinq və vergi ilə bağlı məsələlər kimi mövzuları əhatə edən bütün kursları bitirdikdən sonra layihə çərçivəsində əldə etdikləri yeni avadanlıq – soyuducu, fındıqqıran, qurutma sobası və digər alətlərdən istifadə edərək işə başlayıblar.
Qablaşdırılmış və qovrulmuş fındığın ABAD-ın etno-butiklərində satışının uğurlu olması onları yeni məhsul çeşidlərini sınamağa sövq edib. İndi onlar ABAD texnoloqları ilə birlikdə doğranmış və dondurulmuş tərəvəzlər və Alana meyvə desertlərinin istehsalı üsulları üzərində işləyirlər.
"Hazırda ailələrimizlə işləyirik, lakin COVID-19 pandemiyasının bütün məhdudiyyətləri aradan qalxdıqdan sonra daha çox insanı işə götürəcəyik" – deyə Söhrab izah edir. "Demək asandır, amma bu bizneslə doğrudan da arzularımızı reallaşdırırıq."
"Bu, uşaqlarımıza və nəvələrimizə ötürə biləcəyimiz biznesdir" – deyə Harun əlavə edir. "Bizi öyrənməyə və bu biznesi genişləndirməyə vadar edən motivasiya budur."
***
"Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi EU4Business Təşəbbüsü çərçivəsində Aİ tərəfindən maliyyələşdirilir, BMTİP və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” mərkəzləri tərəfindən həyata keçirilir. Layihənin məqsədi 44 kəndli ailəsinin öz yerli biznesini açmasını və genişləndirməsini dəstəkləmək, onlara biznesin inkişafı və planlaşdırılması, brend və dizaynın hazırlanması, maliyyə, mühasibatlıq və hüquqi dəstək xidmətləri ilə bağlı təlimlər keçməkdən ibarətdir. Layihə eyni zamanda benefisiarları bizneslərini genişləndirmələri üçün avadanlıqlarla təchiz edir.