Məktəb müəlliməsi olan Təhminə xanım öz hobbisini quru meyvə təsərrüfatına çevirib

Azərbaycan
Məktəb müəlliməsi olan Təhminə xanım öz hobbisini quru meyvə təsərrüfatına çevirib

Təhminə İsayeva COVİD-19 pandemiyasından bir neçə ay öncə Azərbaycanın şimal-qərbində yerləşən Zaqatala rayonunda kiçik meyvə qurutma təsərrüfatı ilə məşğul olmağa başlayıb. Pandemiya onun işinə təsir etsə də, Təhminə mövcud vəziyyətdən istehsal etdiyi məhsulların miqdarını artırmaqla bu çətin vəziyyəti fürsətə çevirməyə nail olub.

Təhminə kənd məktəbində müəllim işləyir, qalan vaxtı ev və həyət işləri ilə məşğul olur. 2019-cu ildə biznesin idarəedilməsi, mühasibat uçotu, kompüter və ingilis dili sessiyaları da daxil olmaqla, iş qurulması və inkişafına dair bir sıra təlimlərdə iştirak edib.

“Əvvəlcə meyvələri qurudaraq saxlamaq mənim üçün bir hobbi idi. İlk öncə meyvələri açıq havada böyük bir qaba yerləşdiririk və sonra o qabı bir neçə gün günəşin altında saxlamalıyıq. Bu üsul illərdir istifadə olunan ənənəvi üsul hesab olunur, ancaq bu proses həddindən artıq çox vaxt aparır”, Zaqatala rayonunun Muxax kəndində ilk quru meyvə istehsalçısı olan Təhminə xatırladı.

Bir vaxt Təhminə meyvələri satış üçün qurutmağa qərar verir. 2019-cu ildə Zaqatalada Qadın Resurs Mərkəzinə müraciət edərək bu təşəbbüsünə görə o meyvə qurutma maşını ilə təmin olunur. “Fəaliyyətimiz çox yaxşı başladı və ilk müştərilər ətrafımdakı insanlar oldu. Bir il ərzində, təxminən, 300 kiloqram meyvə qurusu istehsal edə bildim. Bütün proseslə özüm məşğul olduğuma görə - bağçamızdan alma, gavalı, zoğal, əncir və digər meyvələri yığırdım və ya qışda bazardan banan, kivi və portağal kimi ekzotik meyvələr alırdım, bu heç də asan deyildi” - Təhminə dedi.

Quru meyvə satışı əvvəllər Zaqatalada o qədər də geniş yayılmamışdı. Ümumiyyətlə, Azərbaycanda insanlar daha çox baharın başlanğıcının xüsusi qeyd olunduğu Novruz Bayramı ərəfəsində quru meyvələr almağa üstünlük verirdilər. Bir neçə il olar ki insanların sağlam qidaya marağı artıb və onlar vitamin və minerallarla zəngin olan bu dadlı çərəzləri almağa başlayıblar.

“COVID-19 pandemiyasından sonra bu məhsullara tələbat azaldığında satışlarım azaldı. Lakin, mən buna görə məyus olmadım, əksinə işimi yaxşılaşdırmaq üçün satış imkanlarını internetdə araşdırmağa başladım. İndi həyətdə istehsal prosesini qururam və başqa qadınları da komanda olaraq işə cəlb edəcəm.” – deyən Təhminə daha geniş bazara çıxmaq və işi genişləndirmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə milli qida təhlükəsizliyi sertifikatı əldə etmək üçün də müraciət etməyi planlaşdırdığını bildirdi.

Təhminə öz təsərrüfatını və satışlarını inkişaf etdirmək üçün EU4Business Təşəbbüsünün bir hissəsi olaraq Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) həyata keçirdiyi “Azərbaycanın Şimal-Qərb bölgəsində davamlı və inklüziv yerli qida sistemlərinin inkişafı” layihəsinə də müraciət edib. 

Layihə seçilmiş aqro-ərzaq məhsulları üzrə yerli inkluziv və səmərəli kənd təsərrüfatı modelləri və qida sistemləri yaradılmasına, istehsalçılar və alıcılar arasında əlaqələrin gücləndirilməsi yolu ilə bazara çıxışın asanlaşdırılmasına, bölgədə aqriturizm potensialının genişləndirilməsinə yönəlib. Eyni zamanda, kiçik fermerlərə və emalçılara gəlirli və davamlı kənd təsərrüfatı müəssisələri yaratmaq üçün lazım olan bacarıq və bilikləri əldə etməyə imkanı verir.

“Bu cür layihələr olduqca faydalıdır və bizə bir çox imkanlar yaradır. Adətən kəndlərdə və xüsusən də kənd təsərrüfatı ilə məşğul olan qadınlar görünməz işçi qüvvəsi kimi qəbul edilir və onların kənd icmalarında rolu çətin ki tanınır. Layihə kənd qadınları üçün təkcə gəlir gətirmə imkanları yaratmır, onlar özlərini güclü və inamlı hiss edir; sosiallaşmanın artması onların ailə və cəmiyyətdəki statusunu yaxşılaşdırır", - deyə Təhminə bildirir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm