Azərbaycanın KOM-ların islahatı proqramına dəstək

Azərbaycan
Azərbaycanın KOM-ların islahatı proqramına dəstək

EU4Business təşəbbüsü çərçivəsində və İƏİT-nin dəstəyi ilə iqtisadiyyatı şaxələndirmək, o cümlədən kiçik və orta müəssisələrin məşğulluq, daxili istehsal və ixracata töhfəsini artırmaq məqsədilə Azərbaycan geniş miqyaslı islahat proqramının icrasına başlayıb.

2015- ci ildə neftin qiymətinin düşməsi və mühüm regional ticarət tərəfdaşları ilə əlaqədar iqtisadi yavaşlama 2016-2017-ci illərdə kəskin azalmalara gətirib çıxardı və iqtisadiyyatın qeyri-neft sektorlarını inkişaf etdirmək vasitəsilə Azərbaycan üçün dayanıqlı və sabit inkişaf yolunun təmin olunmasının vacibliyini önə çəkdi.

Bu hadisələrin fonunda 2016-cı ilin dekabrında Azərbaycan "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsini" (KOM-lar üzrə yol xəritəsi) qəbul edərək hökumətin KOM sektoruna verdiyi əhəmiyyəti nümayiş etdirdi. KOM-lar üzrə yol xəritəsinin məqsədi KOM-ların iqtisadiyyatdakı rolunu və rəqabət qabiliyyətini gücləndirmək, işgüzar mühiti yaxşılaşdırmaq, sahibkarlıq fəaliyyəti üçün normativ-hüquqi bazanı təkmilləşdirmək, maliyyə mənbələrindən istifadə imkanını genişləndirmək və KOM-lar üçün təşkilati dəstəyi gücləndirməkdir.

Yol xəritəsinin qəbul olunduğu gündən etibarən hökumət adı çəkilən strateji sənəddə təsvir edilən islahatları həyata keçirmək istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edib. Məsələn, 2017-ci ilin dekabrında KOM-ların İnkişafı Agentliyinin yaradılması Azərbaycanda KOM-lara dəstək ilə bağlı infrastrukturun formalaşmasında çox mühüm addım olub. İpoteka və Kredit Zəmanət Fondunun, Daşınar Əmlakın Dövlət Reyestrinin, KOM-lar üçün vahid pəncərə sisteminin və kənd təsərrüfatı, tekstil və turizm daxil olmaqla, bir çox sahələrdə istehsalı artırmaq məqsədilə 15 ixrac assosiasiyasının yaradılması KOM-lar üzrə yol xəritəsi çərçivəsində həyata keçirilən digər vacib təşəbbüslər hesab edilir. Hökümət həmçinin müəssisələr üçün inzibati prosedurların sadələşdirilməsi üçün tədbirlər görmüşdür.

“Kiçik və orta müəssisələrin inkişafı Azərbaycan höküməti üçün prioritetdir", - deyə KOM-lar üzrə yol xəritəsinin monitorinqi və qiymətləndirilməsini həyata keçirmək həvalə olunan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. "İƏİT ilə sıx əməkdaşlıq, iqtisadiyyatı şaxələndirmək və KOM-ları iqtisadi inkişafın mərkəzinə çevirmək məqsədi daşıyan Azərbaycanın iddialı islahat proqramını daha yaxşı həyata keçirməyə töhfə vermişdir. Bununla yanaşı, İƏİT-nin müstəqil ekspertiza prosesindəki iştirakı sayəsində siyasət islahatlarını möhkəmləndirmək və beynəlxalq standartlara uyğunlaşdırmaq mümkün olmuşdur".

Doğrudur, bu islahatların Azərbaycandakı işgüzar dairələrə tam təsirini görmək hələ tezdir, amma bununla belə Azərbaycanın siyasətdən fəaliyyətə keçidi göstərir ki, siyasi öhdəlik, əsaslı strateji proqram və güclü qurumlar hərtərəfli islahat proqramının həyata keçirilməsində və real iqtisadiyyat üçün gözəçarpan nəticələrin təmin edilməsində əhəmiyyətli rol oynayır. Hökumətin səyləri Dünya Bankının 2019-cu ildə nəşr olunmuş "Biznesin aparılması" adlı göstəricilərində də öz əksini tapmışdır. Həmin sənəddə Azərbaycan 2018-ci ildəki 57-ci sıradakı mövqeyindən 25-ə yüksələrək 190 iqtisadiyyat arasında ilk 10 islahatçı ölkənin sırasına daxil olmuşdur.

EU4Business: Siyasətdən Fəaliyyətə

İƏİT, Azərbaycanın KOM sektorunun islahatına Aİ tərəfindən maliyyələşdirilən və çoxlu sayda ölkəni əhatə edən 'EU4Business: Siyasətdən Fəaliyyətə' proqramı çərçivəsində dəstək verib və KOM siyasətinin və işgüzar mühitin yaxşılaşdırılması üzrə islahatların hazırlanması və icrasına hədəfli tövsiyələrini təmin edib. İƏİT, KOM-lar üzrə yol xəritəsində təsvir edilən seçilmiş siyasət fəaliyyətlərinin icrasında və hökumətə KOM-ların islahat proqramının həyata keçirilməsində əldə olunan irəliləyişləri izləmək imkanı verən və nəticələrə əsaslanan monitorinq sisteminin qurulmasında bu ölkənin İqtisadiyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə dəstək verir. Bütün bunlar tematik seminarlar, siyasətlərin yenidən nəzərdən keçirilməsi və dövlət və özəl sektorları arasında məsləhətləşmələr vasitəsilə həyata keçirilir. İƏİT-nin Parisdə yerləşən qərargahında keçirilən İƏİT-nin Avrasiya Rəqabətlilik dəyirmi masası (19-20 noyabr, 2018-ci il) çərçivəsində baş tutan Azərbaycanın müstəqil ekspertizası zamanı sözügedən işlərin ilkin nəticələri müzakirə edilib.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm