Avropa İttifaqı və AYİB Pizza Mizza-nın Azərbaycanda komfort restoran mühitini yenidən qurmağa kömək edir

Azərbaycan
Avropa İttifaqı və AYİB Pizza Mizza-nın Azərbaycanda komfort restoran mühitini yenidən qurmağa kömək edir

Bakı bir şəhər kimi qədim daş divarlardan şüşə qüllələrə, sakit həyətlərdən Xəzər dənizindəki işıq parıltılarına qədər hər rəngə dərhal bürünməyi bacarır. İçərişəhərin divarlarından tarix boylanır, Alov Qüllələri şəhərin siluetini bəzəyir, kafelər isə insanların qaynaşması ilə canlanır. 

Azərbaycanın ən sürətlə böyüyən pizza şəbəkələrindən birinin – Pizza Mizza-nın ən yeni filiallarından birində oturarkən, şəhərə xas olan həmin o təzadın dad mühitini necə formalaşdırdığını hiss edirsiniz. Cütlüklər bir süfrə arxasında səmimi söhbət edir, ailələr dincəlir, tələbələr isə düşündüklərindən daha çox vaxt keçirdir. Bura ayaqüstü yemək üçün bir məkan deyil. Pizza Mizza sizi bu anların dadını çıxarmağa səsləyir.  

Lakin 2018-ci ilə qayıtsaq, hər şey çox fərqli görünürdü.

Biznes öz kimliyini müəyyənləşdirməkdə çətinlik çəkirdi. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Avropa İttifaqının EU4Business təşəbbüsü vasitəsilə göstərilən dəstəyi sayəsində şirkət təsisçilərə brendi yenidən düşünməyə, müştəri təcrübəsini modernləşdirməyə və inkişaf üçün daha aydın yol qurmağa kömək edən xüsusi məsləhət xidməti aldı.

Bu gün Pizza Mizza Aİ tərəfindən dəstəklənən biznes məsləhətlərinin yerli sahibkarlara rəqabət qabiliyyətlərini gücləndirməyə və ideyalarını genişləndirməyə necə kömək edə biləcəyinin nümunəsi kimi çıxış edir.



Ləzzətin iddialı hədəflərlə görüşdüyü məkan

"Pizza Mizza"nın həmtəsisçisi və baş direktoru Aslan Hacıyev, Dərnəgül şossesində yerləşən ən yeni restoranında sanki bu işlə birgə böyüyən birinin rahatlığı ilə hərəkət edir. O, işçi heyətini təbəssümlə salamlayır və yeni pizza reseptinin sınaqdan keçirildiyi küncdəki masaya işarə edir. Burada böyümə tempi sabit, məqsədyönlü və səssizcə irəliləyən bir iddia ilə xarakterizə olunur. 

Bu gün "Pizza Mizza" 14 filialı və 16% bazar payı ilə Azərbaycanın aparıcı pitseriya şəbəkələrindən biridir. Halbuki bu hekayə 2014-cü ildə təvazükar bir eksperiment kimi başlamışdı.

Biznes, iki gənc sahibkar – cəmi 26 və 28 yaşlarında bu işə başlayan Aslan və Anar Hacıyev qardaşları tərəfindən yaradılmış kiçik bir ailə startapı kimi fəaliyyətə keçib. Təzə xəmir, Qouda əsaslı xüsusi pendir qarışığı və halal sertifikatlı inqrediyentlər brendin keyfiyyət fəlsəfəsinin əsasını təşkil edir. 

Brendin vizit kartı sayılan xüsusi pendir Düsseldorfda fəaliyyət göstərən qida texnoloqu Elmar Həsənzadənin köməkliyi ilə hazırlanıb və "Pizza Mizza"ya özünəməxsus bir kimlik qazandırıb. İlham mənbəyi isə həm də Nyu-Yorkun məşhur pizza mədəniyyəti olub; oranın cəsarətli ləzzətləri və sürətli yaradıcılığı təsisçilərin ilkin baxışına böyük təsir göstərib.

Lakin müştərilərin yüksək rəğbətinə baxmayaraq, ilk illər daha dərin çətinlikləri üzə çıxardı:

Şirkətin brendinqi zəif idi, rəqəmsal görünürlük məhdud idi və restorandakı ümumi mühit təsisçilərin xəyal etdiyi o atmosferi hələ tam əks etdirmirdi. 

Dönüş nöqtəsi: Aİ tərəfindən dəstəklənən məsləhət xidməti ilə rebrendinq

Hər şey 2018-ci ildə dəyişməyə başladı. Həmin vaxt Pizza Mizza Avropa İttifaqının EU4Business təşəbbüsü çərçivəsində dəstəklənən AYİB-in Kiçik Bizneslər üçün Məsləhət Proqramı vasitəsilə məsləhət dəstəyi aldı.

Proqram çərçivəsində məsləhətçilər təsisçilərə müştərilərə təqdim etmək istədikləri təcrübəni müəyyənləşdirməyə kömək etdilər. Vahid vizual elementlər, yenilənmiş qablaşdırma dizaynı, müasir interyer və rəqəmsal platformalarda aktiv fəaliyyət sayəsində brendin tamamilə yeni siması formalaşdı. 

Bu transformasiya biznes modelini əhəmiyyətli dərəcədə dəyişdirdi.

Pizza Mizza əvvəllər sifarişlərin demək olar ki, beşdə dördünü çatdırılma üzərindən qəbul etdiyi halda, yenilənmiş məkanlar müştəriləri yenidən masalara qaytarmağa başladı. Restorandaxili satışların payı 22%-dən 38%-ə, gündəlik dövriyyə isə 14 dəfə artdı. Orta hesabın ikiqat yüksəlməsi isə müştərilərin bura sadəcə yemək üçün gəlmədiyini, həm də mühitdən zövq aldıqlarını təsdiqləyən ən bariz göstərici idi.

Bu transformasiya özünü ən parlaq şəkildə açıq mətbəx, geniş terras, isti interyer detalları və dəqiq formalaşmış “fast-casual” konsepti ilə seçilən Elmlər filialında göstərdi.  Bu filial qısa müddətdə şirkətin ən yaxşı nəticə göstərən məkanına çevrildi.

Nəticələrdən ruhlanan Pizza Mizza genişlənmə strategiyasını yenidən nəzərdən keçirdi. Şirkət əsasən çatdırılmaya fokuslanmaq əvəzinə dörd restoran formatı hazırladı – express, mall, orta ölçülü və tam tutumlu məkanlar. Bu model müxtəlif məhəllələrdə böyüməyə imkan verdi, eyni zamanda vahid brend özünəməxsusluğu qorudu.

Müştərilər buna dərhal reaksiya verdilər: restoranda yeməklər və “take-away” sifarişləri əhəmiyyətli dərəcədə artdı, brend isə aqreqator platformalarında ən yüksək sıralara yüksəldi.



Süfrədə innovasiya

Mətbəxdə eksperimentlər hələ də davam edir. 

Hazırda bir neçə yeni pizza növü sınaq mərhələsindədir və Aslan bu prosesdə yaxından iştirak edir.

"Mətbəximizdə balanslı kontrastlar üzərində işləyirik," – deyə o bildirir. "Şirinliklə acının, zəngin dadlarla turşuluğun və digər diqqətlə düşünülmüş dad kombinasiyalarının vəhdətini yaradırıq."

Gülümsəyərək əlavə edir ki, nəticə "tam Azərbaycansayağıdır."

Yerli mətbəx mədəniyyəti hər zaman qəti qaydalardan çox, fərqli dadların vəhdətini və zəngin çeşidləri sevib.

Hətta şirkətin adı da bu mədəni toxunuşu əks etdirir. Azərbaycan dilində sözün “m” əlavə edilərək təkrarlanması – pitsa mitsa – mehriban və oynaq bir ton yaradır. Bu ad hələ ilk tikədən insanda doğmalıq hissi oyadır. 



Davamlılıqdan bir dilim

Covid-19 pandemiyası da şirkət üçün başqa bir dönüş nöqtəsi oldu. Geri çəkilmək əvəzinə, şirkət sürətlə uyğunlaşdı və 24/7 kontaktsız çatdırılma ilə ailə ölçülü “lockdown” paketlərini təqdim etdi.

Kiçilmək əvəzinə Pizza Mizza böyüməyə davam etdi. Bu çeviklik biznesi gücləndirdi və təsisçilərin yerli şirkətlərin qlobal brendlərlə rəqabət apara biləcəyinə dair inamını möhkəmləndirdi.

"Bəlkə beynəlxalq şəbəkələr qədər böyük deyilik," – deyə Aslan izah edir, – "amma yerli biznesin yanaşması fərqli olur. Biz müştərini daha tez eşidir, daha çevik uyğunlaşırıq."

Şirkətin yanaşmasının mərkəzində insanlar dayanır. 

Bir çox əməkdaş tələbə ikən və ya ilk iş təcrübələrində şirkətə qoşulub. Təlim, inkişaf və daxili yüksəliş xərclər kimi deyil, investisiya kimi görülür.

Aslan və Anar açıq idarəetmə, şəffaf qərarvermə və paylaşılmış məsuliyyət prinsiplərini vurğulayırlar – bu isə şirkət daxilində etimad mədəniyyəti yaradır. 

Qarşıdakı mərhələ: Blue Ribbon səyahəti

Pizza Mizza indi növbəti inkişaf mərhələsinə hazırlaşır. Şirkət AYİB və Avropa İttifaqının Bankın flaqman Blue Ribbon proqramı çərçivəsində göstərdiyi dəstəkdən faydalanır. Bu proqram yüksək potensiala malik şirkətlərə davamlı genişlənmə üçün xüsusi məsləhət dəstəyi təqdim edir.

Proqram şirkətə maliyyə, inventar və əməliyyat proseslərini inteqrasiya edən Müəssisə Resurslarının Planlaşdırılması (ERP) sistemini tətbiq etməyə kömək edəcək. Eyni zamanda, rutin tapşırıqları optimallaşdırmaq üçün Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) alətlərinin tətbiqini dəstəkləyəcək. 

Məsləhət dəstəyi həmçinin insan resurslarının idarə edilməsinin gücləndirilməsinə, uzunmüddətli franşizinq modelinin hazırlanmasına, beynəlxalq keyfiyyət sertifikatlarının əldə edilməsinə və dayanıqlı biznes təcrübələrinin inkişafına yönələcək.

Beynəlxalq məsləhətçi Azərbaycanın hüdudlarından kənara genişlənməni dəstəkləyə biləcək əməliyyat sistemləri, təlim çərçivələri və keyfiyyət təminatı mexanizmlərinin hazırlanmasına kömək edəcək.

Doqquz yeni filial və müasir istehsalat mərkəzi açmağı hədəfləyən Pizza Mizza, ölkənin “fast-casual” sektorunda liderliyini möhkəmləndirməyə və regional bazarlara çıxmağa tam hazırdır.

Şirkətin uzunmüddətli hədəflərinə franşizinq, yeni regional bazarlara daxil olmaq və texnologiya, dayanıqlılıq təşəbbüsləri və premium keyfiyyət standartları vasitəsilə müştəri təcrübəsini davamlı şəkildə təkmilləşdirmək daxildir.

Aslanın sözləri ilə desək: 

"Hər bir dilimdə keçdiyimiz yolun bir parçası var. Burada Elmarın gətirdiyi Alman dəqiqliyi, Nyu-York pizza mədəniyyətinin yaradıcı ruhu və yalnız Azərbaycana məxsus o doğma ev istiliyi birləşir.

İndi, AYİB və Avropa İttifaqının dəstəyi ilə böyüməyimiz üçün lazım olan bütün sistem və infrastruktura sahibik. Bu isə bizə özümüzə — köklərimizə sadiq qalaraq daha da genişlənmək imkanı verir." 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm