EU4Business təşəbbüsü Azərbaycan KOM-larını qlobal dəyər zəncirləri ilə əlaqələndirəcək

Azərbaycan
EU4Business təşəbbüsü Azərbaycan KOM-larını qlobal dəyər zəncirləri ilə əlaqələndirəcək

Müəllif: Beynəlxalq Ticarət Mərkəzinin Xəbərlər bölməsi

Aİ tərəfindən maliyyələşən layihə Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrindəki kiçik və orta müəssisələrin rəqabət qabiliyyətini artıracaq.

(Bakı/Cenevrə) - Bu gün Bakıda Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin (KOM-lar) rəqabət qabiliyyətini yüksəltmək və onları qlobal dəyər zəncirləri ilə əlaqələndirməyə yönəlmiş layihənin icrasına başlanılıb. "Şərq Tərəfdaşlığı: Ticarətə Hazıram - bir EU4Business Təşəbbüsü" üçillik layihədir və Azərbaycan hökuməti, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Beynəlxalq Ticarət Mərkəzi (BTM) arasında yeni əməkdaşlığın başlanğıcını qeyd edir.

Layihədə nəzərdə tutulmuş fəaliyyətlərin icrasına başlamaq məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) sədri Rüfət Məmmədov və BTM-in icraçı direktoru Arança Qonzales anlaşma memorandumu imzalayıblar.

Hazırda Azərbaycanın ixrac sektoru, ixracın ümumi həcminin 87%-dən çoxunu təşkil edən neft və qaz sahələrindən yüksək dərəcədə asılıdır. Bu asılılığın dəyişkən əmtəə qiymətləri üzərindəki təsirini azaltmaq məqsədilə Azərbaycan hökumətinin qarşısında duran ən mühüm prioritetlərdən biri ixrac sektorunun diversifikasiyasıdır. 2013-cü ildə ölkənin ümumi ixracının cəmi 5,4%-i Azərbaycan KOM-ların payına düşürdü və bu onların beynəlxalq ticarətdəki reallaşmamış potensialını göstərir.

Ticarətə Hazıram layihəsi, şirkətlərə diqqəti əsasən Aİ-yə yönəltməklə, xarici bazarları hədəfə götürməyə və onlara çıxış əldə etməyə kömək edəcək. Azərbaycan KOM-larına beynəlxalq və Aİ-nin bazar tələblərinə uyğun qaydada yardım və texniki dəstək göstəriləcək. Layihə həmçinin istehsalçıları beynəlxalq bazarlarda əlaqələndirmək və yerli biznesə dəstək təşkilatlarının qabiliyyətlərini yüksəltməklə, KOM-lara göstərilən xidmətlərin təkmilləşməsinə yardım edəcək.

Layihənin açılış mərasimində çıxış edən Azərbaycanın İqtisadiyyat Nazirinin Müavini Cənab Sahil Babayev deyib: "Öz iqtisadiyyatını şaxələndirmək üçün Azərbaycan kiçik və orta müəssisələrin ixrac üzrə rəqabət qabiliyyətini artırmağa və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməyə çalışır. BTM-in yeni layihəsi tam vaxtında icra olunur və arzuolunandır, çünki bizə hər iki strateji hədəfimiz istiqamətində hərəkət etməyə kömək edəcək."

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin sədri, xanım Malena Mard bildirib: "Bu layihə Şərq Tərəfdaşlığı ölkələrindəki KOM-lara yerli və qlobal dəyər zəncirlərinə inteqrasiya etməyə və diqqəti əsasən Aİ-yə yönəltməklə, yeni bazarlara çıxış əldə etməyə kömək edəcək. Biznesə əlverişli mühitin dəstəklənməsi üçün əhəmiyyətli əməkdaşlıq vəsaitləri ayırmaqla, Aİ ənənəvi olaraq Azərbaycana regional və kənd təsərrüfatı rayonlarının inkişafı sahəsində dəstək vermişdir. KOM-ları dəstəkləyən bu təşəbbüs, Azərbaycan Prezidenti tərəfindən 2016-cı il dekabrın 6-da imzalanan Azərbaycan Respublikasının Strateji Yol Xəritəsindəki prioritet sahələrin icrasına kömək edəcək."

Öz növbəsində xanım Qonzales bildirib: "BTM Şərq Tərəfdaşlığı ölkələri və Aİ arasında daha geniş iqtisadi inteqrasiyaya töhfə verməkdən məmnundur. Ticarətə Hazıram layihəsi çərçivəsində biz EU4Business təşəbbüsünün daha da genişlənməsinə təkan verəcək və hər şeydən öncə, Azərbaycan KOM-larının daha rəqabət qabiliyyətli məhsullar istehsal etməsi və onların beynəlxalq alıcılarla əlaqələndirilməsini təmin edəcəyik."

Cənab Məmmədov isə bunları qeyd edib: "Başlıca məqsədlərimizdən biri olan ixracın diversifikasiyası və KOM-ların inkişafına nail olmaq üçün BTM və Aİ ilə əməkdaşlıq etmək imkanından çox şadıq. Mən inanıram ki, belə güclü dəstəklə, biz yaxın gələcəkdə real nəticələr əldə edəcəyik.

Layihənin ilkin altı aylıq mərhələsində BTM hədəfli prioritet sektorları və qrupları seçəcək və Azərbaycandakı dəyişkən iqtisadi şəraitə uyğun olaraq metodoloji yanaşmanı tətbiq edəcək. BTM həmçinin layihənin fəaliyyətlərini fərdiləşdirmək məqsədilə dəyər zəncirlərinin təhlili və dövlət və özəl sektor arasında məsləhətləşmələrə əsaslanan ətraflı yol xəritəsi hazırlayacaq.

BTM haqqında

BTM Ümumdünya Ticarət Təşkilatı və Birləşmiş Millətlər Təşkilatınınbirgə qurumudur. BTM inkişafda və keçid dövründə olan iqtisadiyyatların dünya bazarlarında daha rəqabət qabiliyyətli olması üçün kiçik və orta müəssisələrə dəstək verir və bununla da Ticarətə Yardım gündəliyi və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə Qlobal Məqsədlər çərçivəsində dayanıqlı iqtisadi inkişafa öz töhfəsini verir. Daha ətraflı məlumat üçün www.intracen.orgsəhifəsinə baş çəkin. BTM-ni Twitter-də izləyin: @ITCnews

Daha ətraflı məlumat üçün lütfən əlaqə saxlayın:

Jarle Hetland
İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs
T: +41 22 30 0145
M: +41 79 582 91 80
E: Hetland@intracen.org

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm