Bacarıqlı dərzi və sənətkar, tələbələrinin ilham və motivasiya mənbəyi olan müəllim, işgüzar qadın və sahibkar, bəlkə də, daha dəqiq desək, "sosial sahibkar" Mirvari Əzizova eyni zamanda iki qız anası və yaşadığı icmada dəyişikliklər edilməsinə töhfə verən insandır.
1968-ci ildə Balakəndə dünyaya gəlmiş Mirvari gənc yaşlarından dərzi olmaq istəyib və çalışqanlığının sayəsində Balakəndə kiçik mağazada öz biznesini aça bilib. Ailəsi, dostları və qonşularla həmişə yaxşı münasibətləri olan və sosial aktivliyini saxlayan Mirvari öz dərzi emalatxanasını icma mərkəzinə çevirə bilib. O, burada yalnız dərzilik sənətinin sirlərini qonşuları və dostları ilə paylaşmır, həm də qeyri-rəsmi qadın klubu və müzakirə qrupu üçün məkan yaradıb.
Bu qrup müzakirələri zamanı Balakən qadınlarının daha müstəqil olmaq və sosial hüquq və imkanlarını artırmaq yollarını necə tapması təkrar-təkrar qaldırılan mövzular arasında yer alıb. Mirvari üçün bu sualın cavabı əsasən iqtisadi cəhətdən özünü doğruldan mikrobiznes strategiyalarının hazırlanması, habelə məşğulluq imkanlarının və kooperativ yerli bizneslər və sənətkar şəbəkələrinin yaradılması yolu ilə maliyyə uğurunun üstünlüklərinin paylaşılmasından ibarətdir.
Mirvari BMTİP və ABAD-ın onun yaşadığı regionda kiçik biznesləri dəstəkləmək üçün "EU4Business" layihəsini həyata keçirməsi haqqında məlumat alaraq biznes bacarıqları ilə bağlı ödənişsiz təlimdə və yerli sahibkarlıq potensialının inkişaf etdirilməsinə istiqamətlənmiş digər kurslarda iştirak etmiş ilk sahibkarlardan biri olmuşdu.
Mirvari layihənin bazarda tələb edilən yerli məhsulların istehsalı üçün yerli potensialın artırılması məqsədilə təklif etdiyi xüsusi kurslar arasında regionda "xalça suvenirləri" istehsal edən biznes olaraq xalçaçılıq sənəti ilə bağlı bacarıqlarını inkişaf etdirməyi seçmişdi. Mirvari yeni biznes və sənətkarlıq bacarıqlarını geniş, praktiki biznes və ictimai iş təcrübəsi ilə bir araya gətirərək dərzi emalatxanasını daha çox əməkdaşın işlədiyi, suvenirləri daha böyük miqyasda istehsal edən müəssisəyə çevirmək üçün biznes plan hazırlamışdı.
Layihə Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala İqtisadi Zonasında kiçik ailə bizneslərinə göstərilən dəstəyin bir hissəsi kimi Mirvariyə onun dərzi mikrobiznesini irimiqyaslı müəssisəyə çevirmək məqsədilə lazım olan xammal və xalçatoxuma maşınını almaq üçün qrant təsdiq etdi və verdi.
Hazırda Mirvarinin evdə və onun emalatxanasında işləyən 20 qadın-işçisi var. Onlar kiçik xalçalar, toxunma oyuncaqlar, corablar və başqa suvenirlər hazırlayan qeyri-rəsmi qadın kooperativinin tərkib hissəsi kimi çalışır. Mirvari ABAD-ın etno-butikləri vasitəsilə məhsulların satışını koordinasiya etməyə kömək edir. Daha sonra qadınlar satışlardan əldə edilmiş gəlirləri bölüşürlər.
O qeyd edir – "Biz birlikdə bir-birimizə pandemiya dövründən keçməyə kömək etmişik və regionun aparıcı suvenir istehsalçısı olmuşuq. Siz istifadə edə biləcəyiniz bütün imkanlardan faydalanmalısınız və sizə heç bir hazır fürsət verilmədikdə bu fürsəti özünüz və başqaları üçün yaratmalısınız".
Mirvari öz sözlərinə sadiq qalaraq layihədən mümkün qədər faydalanıb və indi layihənin fayda və imkanlarını başqaları ilə paylaşır. O, yaşadığı icmadakı insanları təklif edilən kurslarda iştirak etməyə həvəsləndirməklə yanaşı, öyrəndiyi toxuma texnikalarını başqa qadınlara öyrətmək üçün vaxt ayıraraq heç bir ödəniş almadan təlimçilərə təlim keçir.
O, keçən ilki təcrübəsindən bəhs edərək bildirir: "Öyrəndiyim vacib şeylərdən biri odur ki, kiçik biznesə sahib olmaq "təkbaşına işləmək" demək deyil. Bəzən ən yaxşı nəticələri əməkdaşlıqla əldə edirik. Bir-birinizi dəstəkləyir və bir-birinizə inam verirsinizsə, irəli getmək üçün imkanları həmişə tapacaqsınız."
***
"Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi EU4Business Təşəbbüsü çərçivəsində Aİ tərəfindən dəstəklənir, BMTİP və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” mərkəzləri tərəfindən həyata keçirilir. Layihənin məqsədi 44 kəndli ailəsinin öz yerli biznesini açmasını və genişləndirməsini dəstəkləmək, onlara biznesin inkişafı və planlaşdırılması, brend və dizaynın hazırlanması, maliyyə, mühasibatlıq və hüquqi dəstək xidmətləri ilə bağlı təlimlər keçməkdən ibarətdir. Layihə eyni zamanda benefisiarları bizneslərini genişləndirmələri üçün avadanlıqlarla təchiz edir.