"Sənətkarlıq şəhəri"ndə ənənələri qoruyub saxlayan iki ailənin hekayəsi

Azərbaycan
"Sənətkarlıq şəhəri"ndə ənənələri qoruyub saxlayan iki ailənin hekayəsi

Şəki əbəs yerə "sənətkarlıq şəhəri" hesab edilmir. Azərbaycanın şimal-qərbində yerləşən bu şəhər uzun əsrlər boyunca kəlağayılar, ipək xalılar, rəsm əsərləri, taxta oyma əl işləri, keramika və misgərlik nümunələri istehsalı və satışı ilə bağlı bacarıqlarını inkişaf etdirən rəssamlar, sənətkarlar və tacirlərin vətəni olub.

Əhmədovlar ailəsi bir neçə nəsil boyunca Şəki şəhərində əl işlərinin istehsalı və satışı ilə məşğul olub. Hazırda Pərviz və Sahib Əhmədov qardaşları bu ənənəni qoruyub saxlamaqda qətiyyətlidir. 34 yaşlı Pərviz rəssam kimi qardaşı Sahiblə işləyərək taxta əl işləri və suvenirlər istehsal edən ailə biznesini idarə edir. Qardaşlar və onların ailələri ailəyə başçılıq edən anaları ilə birlikdə qədim və böyük evdə yaşayır.

"Pərviz həmişə ailə biznesinin fəaliyyətini dəstəkləməyə və cəmiyyətə fayda verməyə çalışıb" – deyə qardaşı Sahib bildirir.

Pərviz regionda kiçik bizneslərin genişlənməsinə kömək etmək məqsədilə BMTİP və ABAD tərəfindən həyata keçirilən EU4Business layihəsi haqqında məlumat aldıqdan dərhal sonra kurslarda iştirak etmək, habelə ailə biznesinin rəsmiləşdirilməsi və genişləndirilməsi üçün qrant almaq üçün müraciət edib.

Pərviz qısa zamanda layihənin ən aktiv iştirakçılarından biri olub və dizayn ideyalarını başqa iştirakçılarla paylaşır. "İncəsənət rəqabət yox, paylaşmaq deməkdir" – deyə o bildirir – "yeganə rəqabət bacarıqlar arasında sağlam rəqabət olmalıdır. İncəsənətdə monopoliyaya yer yoxdur."

Pərviz ailə biznesini hüquqi müstəviyə keçirmək üçün layihənin verdiyi dəstəklə bank hesabı açıb və suvenir istehsalçısı olaraq rəsmi VÖEN-lə qeydiyyatdan keçib. Təlimin və qrant üçün müraciət prosesinin tamamlanmasından sonra Əhmədovlar ailəsi ABAD-la müqavilə bağlayıb.

Pərviz layihə fəaliyyətlərinə töhfə verməyə, dizayn ideyalarını başqa sənətkarlarla paylaşmağa və yerli uşaqlar üçün incəsənət kursları təşkil etməyə davam edir. Pərviz və onun ailəsinin əsas məqsədi Şəkidə kiçik mağaza açmaqdır.

***

Şəkidə yaşayan və bu "sənətkarlıq şəhəri"ndə həyatını sürən daha bir ailə İbrahimovlar ailəsidir. Onlar Kəlbəcər rayonundan gəlmiş məcburi köçkün ailəsidir və artıq iyirmi ildən çoxdur ki, Şəkidə yaşayır.

İki oğlu, gəlini və sevimli pişiyi ilə birlikdə məcburi köçkünlər üçün Çələbi Xan qəsəbəsində yaşayan Fazilə İbrahimova həm ailənin, həm də evin başçısıdır. Ailənin layihəyə qoşulmazdan əvvəl əsas gəlir mənbəyi həyətyanı sahələrində yetişdirdikləri toyuq və qazların satışı idi.

Fəzilə Kəlbəcərdə boya-başa çatdığı vaxtlarda xalça toxumağı öyrənmişdi və bu bacarığı heç vaxt unutmamışdı. Bununla belə, o, layihəyə qoşulmazdan öncə bu sənətdən pul qazana biləcəyini heç ağlına da gətirmirdi.

İbrahimovlar layihə çərçivəsində təklif edilən bir neçə kursu, o cümlədən peşəkar xalçatoxuma ustaları və yerli məhsulların bazara çıxarılması üzrə ekspertlər tərəfindən keçirilən texniki kursları tamamlayıb. Ailə kursu bitirdikdən sonra biznesi genişləndirmək üçün lazım olan avadanlıq, o cümlədən xalça dəzgahları, alətlər, suvenir dizaynları və xammal almaq üçün müraciət edib. Gəlini ilə birlikdə işləyən Fazilə artıq ABAD-ın sifarişi ilə məişətdə istehsal edilən suvenirlərin satışı ilə bağlı müqavilə bağlamağa nail olub.

“Məncə, dünyanın müxtəlif yerlərindən olan müştərilər bu bölgənin xalçaçılıq ənənələrini sevəcəklər”, – deyə Fazilə bildirir. – “Bizneslə bağlı öyrəndiklərimizi tətbiq edə bilsək, Kəlbəcər toxuculuğunun gözəlliyini insanlara göstərə biləcəyik”.

***

"Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi EU4Business Təşəbbüsü çərçivəsində Aİ tərəfindən maliyyələşdirilir, BMTİP və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” mərkəzləri tərəfindən həyata keçirilir. Layihənin məqsədi 44 kəndli ailəsinin öz yerli biznesini açmasını və genişləndirməsini dəstəkləmək, onlara biznesin inkişafı və planlaşdırılması, brend və dizaynın hazırlanması, maliyyə, mühasibatlıq və hüquqi dəstək xidmətləri ilə bağlı təlimlər keçməkdən ibarətdir. Layihə eyni zamanda benefisiarları bizneslərini genişləndirmələri üçün avadanlıqlarla təchiz edir.

 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm